Dərman vasitələrinin növbəti qiymət tənzimlənməsi ilə bağlı bəyannamələrin qəbulu sabah başa çatacaq

Dərman vasitələrinin növbəti qiymət tənzimlənməsi ilə bağlı bəyannamələrin qəbulu sabah başa çatacaq
# 19 oktyabr 2015 08:42 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Dərman vasitələrinin növbəti qiymət tənzimlənməsi ilə bağlı sənədlərin (bəyannamələrin) qəbulu sabah başa çatacaq.

APA-nın xəbərinə görə, daha 135 təsiredici maddəyə aid dərman vasitələri üzrə sənədlərin (bəyannamələrin) qəbulu üçün oktyabrın 20-i son tarix olaraq müəyyən edilib.

Qeyd edək ki, oktyabrın 5-də Tarif (qiymət) Şurasının iclasında daha 1126 dərman vasitəsinin qiyməti təsdiqlənib. Bunlardan Şuranın əvvəlki qərarları ilə qiymətləri təsdiq edilmiş təsiredici maddə qrupuna aid olan 47 dərman vasitəsinin qiyməti 2015-ci il 6 oktyabr tarixindən, yeni təsiredici maddələr üzrə 1079 dərman vasitəsinin qiyməti isə 2015-ci il 1 dekabr tarixindən qüvvəyə minəcək.

Ümumilikdə isə indiyədək 2183 dərman vasitəsinin qiymətləri tənzimlənib ki, bununla da satışda olan dərman vasitələrinin mövcud qiymətləri ilə müqayisədə 53% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 28% dərman vasitəsinin qiyməti 3 dəfədən çox aşağı salınıb, ümumilikdə isə satışda olan dərman vasitələrinin 98%-i üzrə qiymətlər endirilib.

Şuranın müvafiq qərarlarına əsasən, hər qrup təsiredici maddələr üzrə yeni qiymətlərin qüvvəyə minmə tarixindən etibarən həmin qrupa aid olan, lakin qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız onların qiyməti təsdiq edildikdən sonra həyata keçirilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR