Azərbaycanda hazırkı epidemioloji duruma dair dəyirmi masa keçirilib

Azərbaycanda hazırkı epidemioloji duruma dair dəyirmi masa keçirilib
# 12 may 2016 12:09 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Respublika Taun Əleyhinə Stansiyada Azərbaycanda hazırki epidemioloji duruma həsr olunmuş dəyirmi masa keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə Səhiyyə Nazirliyinin, Taun əleyhinə stansiyanın, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin səlahiyyətli şəxsləri iştirak edib. Respublika Taun Əleyhinə Stansiyanın şöbə müdiri Rita İsmayılova bildirib ki, stansiyada xüsusi təhlükəli yoluxucu xəstəliklərə, o cümlədən taun, tulyaremiya, qarayara, brusellyoz, quş qripi, donuz qripi, ebola və digər infeksiyalarla mübarizə tədbirləri həyata keçirilir. Onun sözlərinə görə, Respublika Taun Əleyhinə Stansiyası 1934-cü ildə təsis olunub və onun əsas fəaliyyət istiqaməti respublikamızda mövcud olan taunun təbii ocaqlarında profilaktik tədbirlərin həyata keçirilməsi olub. Hazırda onun 5 regional şöbəsinin fəaliyyət göstərdiyini deyən R.İsmayılova qeyd edib ki, son illərdə Xaçmaz, Lənkəran, İmişli, Şəmkir rayonlarında yerləşən şöbələri yeni tikilmiş binalara köçürülüb.

Stansiyanın Laborator tədqiqat şöbəsinin müdiri Şeyda Şıxəliyeva bildirib ki, ölkədə yoluxucu xəstəliklərə qarşı laboratoriyalar beynəlxalq qaydalara uyğun ən müasir tibbi avadanlıqla təchiz olunub. Onun sözlərinə görə, bunları nəzərə alaraq taun əleyhinə şöbələrin ətrafında yerləşən rayonların gigiyena və epidemiologiya mərkəzlərinin laboratoriyaları regional taun əleyhinə şöbələrdə mərkəzləşdirilib. Laboratoriyalarda beynəlxalq biotəhlükəsizlik qaydalarına riayət edərək müasir metodlardan, o cümlədən seroloji və zəncirvari polimeraz reaksiya üsullarından istifadə etməklə bir sıra təhlükəli xəstəliklərin diaqnostikası qısa vaxt çərçivəsində həyata keçirilir.

Tədbirin davamında çıxış edən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva, Taun Əleyhinə Stansiyanın laboratoriyasının müdiri Musa Cahanov ölkədəki epidemioloji durumla bağlı məruzələrlə çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR