Enerji şəbəkəsinə qoşulmaq üçün texniki şərt alınması vacib olan tikinti obyektlərinin sayı artırılıb

Enerji şəbəkəsinə qoşulmaq üçün texniki şərt alınması vacib olan tikinti obyektlərinin sayı artırılıb
# 05 fevral 2016 09:33 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti "İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, texniki şərtlər elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektlərində elektrik qurğularının enerji təchizatı şəbəkəsinə (ETŞ) qoşulması ilə əlaqədar layihənin hazırlanmasına əsas verən və elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir.

Qaydaya əsasən sifarişçinin elektrik enerjisi (gücü) və ya əlavə güc alması və tikinti obyektinin ETŞ-yə qoşulması enerji təchizatı müəssisəsi (ETM) tərəfindən verilən texniki şərtlər əsasında həyata keçirilir. İndiyə qədər tikintisinə icazə tələb olunmayan tikinti obyektləri, həmçinin mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evləri üçün texniki şərt sifarişçinin bilavasitə müraciəti əsasında tikinti obyektinin yerləşdiyi əraziyə xidmət edən ETM tərəfindən verilib. Dəyişikliyə əsasən sifarişçinin ETM -ə bilavasitə müraciəti əsasında texniki şərtlərin veriləcəyi tikinti obyektlərinin siyahısı genişləndirilib. Başqa sözlə, hündürlüyü 5 metrdən, sahəsi 100 kvadratmetrdən çox olan bir mərtəbəli yardımçı tikililəri, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlər, xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi 60 kubmetrdən və dərinliyi 5 metrdən çox olan quyular, yeraltı su və çirkab su anbarları (rezervuarların), həcmi 200 kubmetrdən çox olan hovuzlar, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü 3 metrdən və sahəsi 100 kvadratmetrdən çox olan yardımçı tikililər üçün də texniki şərtlər həmin tikinti obyektinin məxsus olduğu sifarişçinin tikinti obyektinin yerləşdiyi əraziyə xidmət edən ETM-ə bilavasitə müraciəti əsasında veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR