Bu ilin dörd ayında Fars körfəzi ölkələrindən Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Bu ilin dörd ayında Fars körfəzi ölkələrindən Azərbaycana gələn turistlərin sayı açıqlanıb
# 23 may 2016 15:39 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələn turistlərin sayında əsaslı artım baş verib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bu ilin aprel ayında BƏƏ-dən ölkəmizə səfər edən xarici vətəndaşların sayı 2,5 min nəfər təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 27 dəfə çoxdur: “Bu, son illərdə Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı Marketinq Strategiyasına əsaslanan təbliğat işlərinin gücləndirilməsi, 2011-ci ildən etibarən BƏƏ-də təmsilçi ofisin fəaliyyətə başlaması, eləcə də 2015-ci ilin noyabr ayından etibarən BƏƏ vətəndaşları üçün sadələşdirilmiş viza rejimindən istifadə imkanın yaradılmasının məntiqi nəticəsidir. Aparılan təhlil və araşdırmalar nəticəsində BƏƏ digər Körfəz ölkələri ilə birlikdə ölkəmiz üçün turizm baxımından prioritetlərdən biri olduğu müəyyən edilib və bundan sonra həyata keçirilən marketinq siyasəti və kampaniyalarının bir qismi planlaşdırılmış şəkildə sözügedən ölkələrə hədəflənib”.

Şöbədən əlavə ediblər ki, 2015-ci il ərzində Fars körfəzi ölkələrindən Azərbaycana gələn xarici vətəndaşların sayında 16.1% artım baş verib. 2016-cı ilin ilk 4 ayı ərzində gələn xarici turistlərin sayı 6 624 nəfər, 2015-ci ilin müvafiq dövrü ərzində gələn xarici turistlərin sayı isə 363 nəfər olub.

Nazirlikdən bildiriblər ki, bu ilin 1 fevral tarixindən etibarən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşlarına Azərbaycana bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsi təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR