Səhiyyə Nazirliyi peyvəndlərin keyfiyyəti, istifadəsi ilə bağlı yaranan narazılıqlara münasibət bildirib

Səhiyyə Nazirliyi peyvəndlərin keyfiyyəti, istifadəsi ilə bağlı yaranan narazılıqlara münasibət bildirib
# 23 may 2016 14:30 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Səhiyyə Nazirliyi Azərbaycanda peyvəndlərin keyfiyyəti, istifadəsi ilə bağlı yaranan narazılıqlara aydınlıq gətirib.

APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev Azərbaycanda 1 flakonda olan peyvəndin bir neçə uşağa tətbiq olunması barədə verilən məlumatlara münasibət bildirərkən deyib ki, peyvəndlər müxtəlif dozalarda olur və Azərbaycan da milyonlarla doza vaksini 1 dozadan-20 dozaya kimi olan flakonlarda alır.

N.Quliyev qeyd edib ki, çox dozalıq flakonların alınmasının bir çox üstün cəhətləri var: “Birinci şərt onun qiymətinin dəfələrlə ucuz olmasıdır. 1 dozalıq vaksini 10 manata aldığımız halda, 20 dozalıq vaksini də eyni qiymətə almaq olar. Ona görə də ölkəmiz tərəfindən bir flakonda dozaya görə 1-5-10-20 nəfərlik vaksinlər alınır. 1 flakonda olan 5-10-20 dozalıq vaksini bir neçə saat ərzində 5-10-20 uşağa vurmaq olar. Məsələn, Bakıda uşaqların sayı çox olduğu üçün çox dozalıq verilir, rayon yerlərində uşaqların sayı az olduğuna görə az dozalıq paylanılır. Amma onların tərkibində heç bir fərq olmur”.

N.Quliyev əlavə edib ki, vaksin preparatlarının hər birinin özünün təlimatı var və açılmış flakon bir neçə saat ərzində istifadə edilərək atılır. Onun sözlərinə görə, hər bir poliklinikada peyvənd olunacaq uşaqlar əvvəlcədən planlaşdırılır və gün təyin edilir: “Məsələn, 50 nəfər uşaq gələcəksə, ora 50 dozalıq 5 flakon hazırlanır və uşaqlara tətbiq edilir. Əgər qalıq qalırsa onlar atılır”.

N.Quliyev Şərq və Avropa ölkələrdən gətirilən peyvəndlərin keyfiyyətinin də fərqli olması ilə bağlı fikirlərə münasibət bildirib. O bildirib ki, Azərbaycana uşaqların peyvəndi üçün lazım olan bütün preparatlar dövlət hesabına gətirilir və pulsuz olaraq tətbiq edilir. Baş pediatrın sözlərinə görə, peyvənd istehsal edən zavodların hamısına bir mərkəzdən - Ümumdünya Səhiyyə Təşkilatının Strateji Nəzarət Qrupu tərəfindən nəzarət edilir. Zavodun hansı dövlətin ərazisində fəaliyyət göstərməsindən asılı olmayaraq bir mənbədən lisenziya alırlar. Ona görə də deyilən söhbətləri ciddi qəbul etmirik”.

İnstitut direktoru qeyd edib ki, artıq Azərbaycanın bölgələrində də uşaqların peyvəndə cəlbi ilə bağlı vəziyyət yaxşılaşıb. Onun sözlərinə görə, bəzən bölgələrdə uşaqların peyvəndə cəlb edilməsi ilə bağlı vəziyyət paytaxt Bakıdan daha yaxşı olur: "Amma 10 il bundan qabaq onu demək mümkün deyildi".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR