Opera və Balet Teatrının simfonik orkestri Almaniyada çıxış edib

Opera və Balet Teatrının simfonik orkestri Almaniyada çıxış edib
# 11 avqust 2016 14:11 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı simfonik orkestrinin kollektivi avqustun 1-dən 9-dək Almaniyada qastrol səfərində olub. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kollektiv Bavariyada keçirilən XX yubiley Qut-İmmlinq Opera sənəti festivalında iştirak edib.

Teatrın simfonik orkestri avqustun 7-də Qrand-final konsertində çıxış edib.

Qala-konsertdə orkestri festivalın bədii rəhbəri və baş dirijoru Korneliya fon Kerssenbrok, azərbaycanlı dirijorlar –xalq artisti, professor Cavanşir Quliyev, Əyyub Quliyev və Murtuza Bülbül idarə ediblər.

Konsertdə klassik dünya bəstəkarlarının musiqiləri ilə yanaşı, Azərbaycan simfonik musiqisinin ən yaxşı nümunələri – Ü.Hacıbəylinin “Koroğlu” operasından Koroğlunun ariyası, Q.Qarayevin “Yeddi gözəl” və F.Əmirovun “Min bir gecə” baletlərindən parçalar, Niyazinin “Qaytağı”sı və Q.Qarayevin “Pavana” simfonik qravürləri, P.Bülbüloğlunun “Eşq və Ölüm” baletindən parça və “Azərbaycan” əsəri səslənib.

Azərbaycan orkestri növbəti ildə Qut-İmmlinq festivalında iştirak etmək üçün dəvət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR