İdrisov: “Konvensiyanın razılaşdırılması Xəzər regionunun stabil və davamlı inkişafını təmin etmək məqsədi daşıyır”

İdrisov: “Konvensiyanın razılaşdırılması Xəzər regionunun stabil və davamlı inkişafını təmin etmək məqsədi daşıyır”
# 13 iyul 2016 07:48 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Bugünkü görüş Xəzəryanı dövlətlər arasında həqiqi dostluq münasibətlərinin və sıx əməkdaşlıq, qarşılıqlı fəaliyyət istiqamətində ortaq istəyimizin göstəricisidir”.

APA-nın “vlast.kz” saytına istinadən verdiyi xəbərə görə, bunu Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Astanada keçirilən görüşündə bildirib.

Y. İdrisov qeyd edib ki, ancaq birlikdə müasir dövrün çağırışlarına qarşı layiqli şəkildə cavab vermək və xalqların rifahına yönəlik davamlı, dinamik inkişafı təmin etmək mümkündür.

Onun sözlərinə görə, mövcud olan möhkəm hüquqi bazaya baxmayaraq, Xəzəryanı dövlətlər müxtəlif sahələr üzrə beynəlxalq sazişlərin həyata keçirilməsi tempini artırmaq istəyir.

Bununla yanaşı, Qazaxıstan xarici işlər naziri bildirib ki, görüşdə əsas səylər Xəzərin hüquqi statusu haqqında konvensiya layihəsinin razılaşdırılmasına yönələcək: “Bu əsas hüquqi sənəd Xəzərlə bağlı münasibətlərin gələcək arxitekturasının möhkəm təməlinin qurulması, habelə bütün Xəzər regionunun stabil və davamlı inkişafının təmin edilməsi məqsədi daşıyır”, - deyə Y. İdrisov əlavə edib.

Qeyd edək ki, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Astanada görüşü qapalı keçirilir. Görüşün nəticələri ilə bağlı isə nazirlər günün ikinci yarısında mətbuata bəyanatlarla çıxış edəcəklər. Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR