“Heydər Əliyev və milli xilaskarlıq missiyası” mövzusunda seminar keçirilib

“Heydər Əliyev və milli xilaskarlıq missiyası” mövzusunda seminar keçirilib
# 12 aprel 2016 12:48 (UTC +04:00)

Bakı-APA. Bu gün Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və milli xilaskarlıq missiyası” mövzusunda seminar keçirilib.

APA-nın xəbərinə görə, Heydər Əliyev irsinin öyrənilməsi istiqamətində keçirilən növbəti elmi-praktik seminarda çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov qeyd edib ki, ümummilli liderin irsinin öyrənilməsi baxımından mərkəzdə mütəmadi olaraq müxtəlif mövzularda seminarlar keçirilir.

A.Ələkbərov bildirib ki, bu seminarların keçirilməsində məqsəd Heydər Əliyevin irsini müxtəlif istiqamətlərdə araşdırıb öyrənməkdir.

Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov məruzə ilə çıxış edərək Heydər Əliyevin Azərbaycan xalqının dövlətçilik tarixində və taleyində oynadığı roldan, xidmətlərindən danışıb.

F. Heydərov bildirib ki, Heydər Əliyevin fəaliyyətindən, missiyasından danışarkən, ilk olaraq 1969-1982 və 1983-1987-ci illər dövrü ciddi araşdırılmalı, o illərin prosesləri öyrənilməli və yeni nəslə öyrədilməlidir.

Millət vəkili Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrünün əsas xüsusiyyətlərini qısa şəkildə xarakterizə edərək bildirib ki, Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi qısa zamanda Azərbaycanın tərəqqi və inkişafında yeni səhifə açmışdı: “Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü xilaskarlıq missiyasının ilk mərhələsi idi”.

Millət vəkili daha sonra Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründən danışıb. F. Heydərov bildirib ki, 1991-ci ilin 3 sentyabrında yekdilliklə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədr seçilən Heydər Əliyev bu vəzifədə çalışdığı iki ilə yaxın dövrdə elə işlər görüb ki, onlar əhəmiyyət və miqyasına görə neçə-neçə onilliyə örnək ola bilər: “1993-cü ilin iyununda Azərbaycanda yaranmış hakimiyyət böhranı, artan erməni işğalları Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişini qətiləşdirdi. Ulu öndər Azərbaycanı formal müstəqillikdən həqiqi müstəqilliyə qovuşdura bildi. Dövlətin suverenliyinə və ərazi quruluşuna qəsd etmək niyyətinə düşən, etnik separatizmi təşviq edən ünsürlər zərərsizləşdirildi. Dövlət çevrilişləri cəhdlərinin qarşısı qətiyyətlə alındı. Heydər Əliyev xalqı öz ətrafında birləşdirməklə, dövlətçiliyə qəsd etməyə çalışan daxili və xarici qüvvələrin məkrli niyyətlərinin qarşısına ciddi sipər çəkdi. Güclü və modern ordu quruculuğuna başlanıldı. Bu sahədə mühüm nailiyyətlər əldə olundu və biz onun nəticələrini elə bu günlərdə son hadisələr zamanı düşmənə cavab verməklə, ordumuzun gücünü göstərməklə hamılıqla gördük, qürurla seyr etdik”.

Daha sonra F.Heydərov seminar iştirakçılarının suallarını cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR