“Dədə-Qorqud yurdu Naxçıvan – tarixi və etnoqrafik atlası” hazırlanacaq

“Dədə-Qorqud yurdu Naxçıvan – tarixi və etnoqrafik atlası” hazırlanacaq
# 16 fevral 2016 09:00 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Bilik Fondunun 2016-cı il üzrə iş planına uyğun olaraq “Dədə-Qorqud yurdu Naxçıvan - tarixi və etnoqrafik atlası”nın hazırlanması nəzərdə tutulub. AMEA-dan APA-ya verilən xəbərə görə, bununla bağlı AMEA-nın Naxçıvan Bölməsində dəyirmi masa keçirilib.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan xalqının tarixi keçmişini əks etdirən möhtəşəm sənət abidəsidir.

Bölmə sədri qeyd edib ki, “Kitabi-Dədə Qorqud” dastanında ifadə olunan çoxsaylı toponimlərin Naxçıvan ərazisində qeydə alınması bu regionun qədim Oğuz yurdu, Azərbaycan torpağı olduğunu bir daha təsdiqləyir: “Bu mühüm fakt Naxçıvana ərazi iddiaları ilə yaşayan bədnam ermənilərə tutarlı cavabdır”.

Akademik əlavə edib ki, atlasda “Kitabi-Dədə Qorqud” dastanının Naxçıvanla bağlılığı dərindən araşdırılacaq, xalqımızın keçmiş həyat tərzi, məişəti, psixologiyası, dialektlərin, habelə folklor materialları əsasında Oğuznamələrin yayılma arealı əks olunacaq.

Tədbirdə bölmənin Tarix Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və başqaları mövzu ətrafında çıxış edərək fikirlərini bölüşüblər.

Qeyd olunub ki, hazırda atlasın hazırlanması istiqamətində işlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR