Rio-2016: Taekvondoçularımız Olimpiadaya yola düşüblər

Rio-2016: Taekvondoçularımız Olimpiadaya yola düşüblər
# 12 avqust 2016 23:04 (UTC +04:00)

Bakı-APA. Azərbaycanı “Rio-2016” Olimpiya Oyunlarında təmsil edəcək taekvondoçular Braziliyaya yola düşüblər.

APA-nın məlumatına görə, ölkəmizi olimpiadada dörd taekvondoçu təmsil edəcək. Onlardan mübarizəyə birinci qoşulacaq Patimat Abakarova (-49 kq) daha əvvəl Braziliyaya yollanıb. Gecə saatlarında isə digər 3 taekvondoçumuzun- Fəridə Əzizova (-67 kq), Milad Beigi Hərçəqani (-80 kq) və Radik İsaevin (80+ kq) yola salınması mərasimi keçirilib.

Taekvondoçuları Azərbaycan Taekvondo Federasiyasının nümayəndələri və idman həvəskarları yola salıblar.

Federasiyanın milli komandalara nəzarət üzrə vitse-prezidenti Niyaməddin Paşayev jurnalistlərə bildirib ki, “Rio-2016” Olimpiya Oyunlarında iştirak edəcək idmançıların hamısı təcrübəlidir və onlardan uğurlu nəticə gözlənilir: “İdmançılarımız çox yüksək səviyyədə hazırlaşıblar. İnanırıq ki, onlar Azərbaycanı layiqincə təmsil edib, Vətənə medallarla qayıdacaqlar”.

“Bakı 2015 I Avropa Oyunları”nın gümüş mükafatçısı Fəridə Əzizova ikinci dəfədir Olimpiya Oyunlarında iştirak etdiyini deyib: “Çiyinlərimizdə böyük bir yük var. Həm də qürur duyuruq. Ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq. İlk rəqibim amerikalı idmançı olacaq. Onunla dörd il əvvəl döyüşmüşük. Sonralar heç bir yarışda qarşılaşmamışıq”.

Qeyd edək ki, “Rio-2016” Olimpiya Oyunlarında taekvondo yarışlarına avqustun 17-də start veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR