Azərbaycan səfiri Berlin Xəzər Bölgəsi Araşdırmaları Mərkəzində çıxış edib

Azərbaycan səfiri Berlin Xəzər Bölgəsi Araşdırmaları Mərkəzində çıxış edib
# 24 may 2016 21:27 (UTC +04:00)

Bakı-APA. 23 may tarixində Almaniyanın nüfuzlu Berlin Azad Universitetinin Xəzər bölgəsi araşdırmaları Mərkəzində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə sözü gedən Mərkəzin tədqiqatçıları və doktorantlarının Azərbaycanın AFR-dəki səfiri Pərviz Şahbazovla görüşü keçirilib.

Azərbaycanın Almaniyadakı səfirliyindən APA-ya verilən xəbərə görə, səfir Pərviz Şahbazov “Azərbaycanın enerji strategiyasının regional sabitlik və Avropa İttifaqı ilə tərəfdaşlıqda rolu” başlıqlı təqdimatla məruzə edib.

Səfir əsası Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının ölkəmizdə və regionda sabitliyin, inkişafın, regional əməkdaşlığın və beynəlxalq tərəfdaşlığın təmin edilməsində rolu, Azərbaycanın həyata keçirdiyi beynəlxalq enerji layihələrin iqtisadi və geosiyasi əhəmiyyəti, Azərbaycanın balanslaşdırırlmış xarici siyasəti və ölkəmizin multikulturallıq ənənələrinin onun enerji strategiyasının həyata keçirilməsində oynadığı rol barədə geniş məlumat verib. Pərviz Şahbazov tədbir iştirakçılarını Azərbaycanın “Cənub Qaz Dəhlizi”nin yaradılmasında göstərdiyi əhəmiyyətli səylər, ölkəmizin təşəbbüsü və aparıcı rolu ilə həyata keçirilən “Şah Dəniz 2”, “Cənubi Qafqaz” boru kəməri, TAP və TANAP kimi irimiqyaslı layihələrinin icrasının cari vəziyyətinə dair məlumatlandırıb.

Ölkə səfiri eyni zamanda regionda inkişaf və əməkdaşlıq, o cümlədən enerji layihələri üçün təhlükə törədən faktorlar barədə məlumat verdi. Səfir Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü regional təhlükəsizlik və əməkdaşlıq üçün ən böyük təhdid adlandırıb. Pərviz Şahbazov Ermənistanın beynəlxalq standartlara uyğun gəlməyən Metzamor AES-in fəaliyyətinin və Ermənistandan reaktiv materialların qaçaqmalçılığı hallarının yaratdığı real təhlükələr barədə məlumat verib.

Təqdimatdan sonra Pərviz Şahbazov tədbir iştirakçıları tərəfindən Azərbaycanın neft və qaz energetikasının gələcək perspektivləri, ölkəmizin öz qonşuları ilə münasibətləri, Xəzər dənizinin statusu və digər mövzularda verilmiş sualları cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR