Sabiq nazirin qohumunu öldürməkdə təqsirləndirilən qadının məhkəməsi davam etdirilib

Sabiq nazirin qohumunu öldürməkdə təqsirləndirilən qadının məhkəməsi davam etdirilib
# 12 aprel 2016 11:53 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə X. İsgəndərova ifadə verməkdən imtina edib.

İclasda təqsirləndirilən şəxsin vəkilləri məhkəmə tərkibinə etirazla bağlı vəsatət veriblər. Lakin məhkəmə vəsatəti baxılmamış saxlayıb.

İclasda X. İsgəndərovanın istintaq zamanı verdiyi ifadələr elan edilib. O, ifadəsində bildirib ki, hadisədən əvvəl qızı Bülbülün toyu olub: “2014-cü il sentyabrın 1-də anamın yanına getmək üçün Füzulidən pul istədim. Mənə 50 manat pul verdi. Lakin ondan xırda pul da istədim. O, xırda pulunun olmadığını, qaraja gedib maşından gətirəcəyini bildirdi. Qarajda onun səsini eşitdim. Yaralı vəziyyətdə maşına söykənmişdi. Onun yanında əlləri yaralı olan cavan oğlan var idi. Həmin şəxs məndən pul istədi. Lakin mən pulum olmadığını dedim. O, qızılları götürüb gedəndən sonra polisə, təcili tibbi yardıma və qohumlara zəng vurduq. Daha sonra Füzulini xəstəxanaya apardıq".

Məhkəmə aprelin 14-də davam etdiriləcək.

Qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin sentyabrında törədilib. Fizuli İsgəndərov evinin yanında qətlə yetirilib. Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.

Qətlə yetirilən F. İsgəndərov Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, Azərbaycanın sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR