Azərbaycan GUAM Ticarətə və Nəqletməyə Yardım Layihəsi üzrə Rəhbəredici Komitənin iclasında iştirak edib

Azərbaycan GUAM Ticarətə və Nəqletməyə Yardım Layihəsi üzrə Rəhbəredici Komitənin iclasında iştirak edib
# 16 iyun 2016 10:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Moldovanın Vadul-Luy-Vode şəhərində GUAM Ticarətə və Nəqletməyə Yardım Layihəsi üzrə Rəhbəredici Komitənin 24-cü iclası keçirilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, iclasda Azərbaycanı DGK Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev və Xarici Əlaqələr İdarəsinin rəisi Dilavər Fərzəliyev iştirak ediblər.

Azərbaycan nümayəndə heyətinin məlumatına görə, iclasın məqsədi GUAM Ticarətə və Nəqletməyə Yardım Layihəsi üzrə Rəhbəredici Komitənin 23-cü iclasının protokolunun həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə etmək olub.

İclasda GUAM üzv dövlətlərinin sərhədlərini keçən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili haqqında bu dövlətlər arasında 2015-ci ilin iyulun 8-də imzalanmış protokolun həyata keçirilməsi çərçivəsində “Məlumat mübadiləsi sistemi üzrə texniki təminat sənədi” layihəsinin razılaşdırılması üçün GUAM üzv dövlətlərinin gömrük orqanlarının informasiya texnologiyaları mütəxəssislərinin görüşünün nəticələri müzakirə olunub. Mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkilinin texniki şərtlərinin razılaşması müsbət rəylərlə qarşılanıb və həmin protokolun tezliklə həyata keçirilməsi məqsədəmüvafiq hesab edilib.

GUAM Katibliyi üzv dövlətlər arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması haqqında protokol layihəsinin tərəflərarası razılaşması haqqında məlumat verib. Bundan başqa, GUAM üzv dövlətlərin gömrük idarələri arasında qarşılıqlı olaraq tanınmaları məqsədilə bu dövlətlərdə Səlahiyyətli İqtisadi Operatorlar institutlarının tətbiqinin hazırkı vəziyyəti müzakirə olunub.

İclasda ölkələr tərəfindən ticarətin və nəqliyyatın inkişafı, o cümlədən GUAM üz dövlətləri arasında nəqliyyat dəhlizində terrorizmə qarşı mübarizə tədbirlərinin gücləndirilməsində gömrük və sərhəd orqanlarının əlaqələrinin genişləndirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, qaçaqmalçılığa qarşı mübarizə tədbirlərinin müəyyən edilməsilə bağlı fikir mübadiləsi aparılıb, perspektiv planlar müəyyənləşdirilib.

Sonda GUAM Ticarətə və Nəqletməyə Yardım Layihəsi üzrə Rəhbəredici Komitənin növbəti iclasının bu ilin ikinci yarısında Ukraynada keçirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR