Nazir müavini: “BMT İnsan Haqları Şurası azərbaycanlı qaçqınların hüquqlarının bərpasında rolunu artırmalıdır”

Nazir müavini: “BMT İnsan Haqları Şurası azərbaycanlı qaçqınların hüquqlarının bərpasında rolunu artırmalıdır”
# 14 iyun 2016 12:08 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. “Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan Azərbaycan ərazilərində etnik təmizləmə siyasəti yürüdüb”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev BMT-nin İnsan Haqları Şurasının 32-ci sessiyasının iclasında çıxış zamanı deyib.

M. Məmmədquliyev bildirib ki, münaqişə nəticəsində Azərbaycan dünyada ən çox məcburi köçkün və qaçqın olan ölkəyə çevrilib: “Münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməklə, həll edilə bilər. İnsan Haqları Şurası və onun xüsusi mexanizmləri azərbaycanlı məcburi köçkünlərin hüquqlarının bərpa edilməsində rolunu artırmalıdır”.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR