Ərdoğan: “İƏT-in 36 üzvünün 160 milyon dollar üzvlük haqqı borcu var”

Ərdoğan: “İƏT-in 36 üzvünün 160 milyon dollar üzvlük haqqı borcu var”
# 15 aprel 2016 11:48 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə -APA. “36 üzv ölkənin İƏT-ə 160 milyon dollar üzvlük haqqı borcu var”.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bunu İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən sammitinin bağlanış iclasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bu qədər borcla hər hansı təşkilatın səmərəli fəaliyyət göstərməsi mümkün deyil”, - deyə o qeyd edib.

Təşkilatın daha dinamik fəaliyyət göstərməsi üçün üzv ölkələrin maddi yardımına ehtiyac olduğunu deyən Ərdoğan Türkiyənin 2 milyon dollar yardım etdiyini açıqlayıb. O, bu vəsaitdən 1,8 milyon dolların İƏT-ə, 100 min dolların katibliyə, 100 min dolların isə humanitar yardım fonduna veriləcəyini bildirib.

Türkiyə prezidenti İƏT-in yardımlar hesabına daha yaxşı işləyə biləcəyini deyərək qeyd edib ki, yardımlar olmasa, üzvlük haqları vaxtında ödənilməlidir. O, təşkilatın üzvlük haqqı borcu olmayan 20 ölkənin adını açıqlayıb. Onların arasında Azərbaycan da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR