Cənub bölgəsində ən çox yağıntı Lənkəran və Astara rayonlarında müşahidə olunub

Cənub bölgəsində ən çox yağıntı Lənkəran və Astara rayonlarında müşahidə olunub
# 02 sentyabr 2016 11:53 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Sentyabrın 1-də axşam saatlarından başlayaraq cənub bölgəsinin rayonlarına küləklə müşahidə olunan leysan xarakterli yağıntı düşüb.

APA-nın cənub bürosunun məlumatına görə, yağıntı ciddi fəsadlar törətməsə də, problemsiz ötüşməyib. İldırım çaxması ayrı-ayrı yaşayış məntəqələrinə elektrik enerjisinin fasilələrlə verilməsinə səbəb olub. Bölgənin çaylarında sululuğun səviyyəsi 70 santimetrə kimi artıb. Şose yollarda xırda gölməçələr əmələ gəlib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Hidrometeoroloji Müəssisəsinin direktoru Cavid Hüseynovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, yağış daha çox Astara və Lənkəran rayonlarına yağıb. Temperatur 4-7 dərəcə enib.

Cavid Hüseynovun sözlərinə görə, bölgədə ən çox yağıntı Lənkəran rayonunun Daşdatük kəndi ərazisində müşahidə olunub. Burada yağıntının miqdarı 108,6 mm təşkil edib.

Hazırda bölgədə intensiv olmasa da, yağıntılı hava şəraiti hökm sürür. Qeyri-sabit hava şəraiti sentyabr ayının 3-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR