ABŞ-ın Bond Street Teatrı Azərbaycanda silsilə tamaşalar göstərəcək

ABŞ-ın Bond Street Teatrı Azərbaycanda silsilə tamaşalar göstərəcək
# 12 fevral 2016 14:45 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. ABŞ-ın Bond Street Teatrı Azərbaycanda ilk dəfə Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ilə birgə “Ay Dövriyyəsi” adlanan və sosial məsələləri işıqlandıran silsilə tamaşalar göstərəcək.

ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, tamaşalar Bond Street Teatrının “Sülh naminə icma dramı” proqramı çərçivəsində təqdim olunacaq.

Proqram 25 azərbaycanlı tələbəyə sosial teatr sənətinin müxtəlif üslubları, o cümlədən əməkdaşlıq və komandanın qurulması, təxəyyülün stimullaşdırılması, liderlik və ünsiyyət bacarıqları, əhvalatların danışılması və həyatdan götürülən ssenarilərin qurulması fonunda özünə hörmət hissinin qazanılması üzrə təlimlərin keçirilməsi ilə başlayıb. İlkin mərhələdə 25 nəfər arasından seçilən 8 tələbə ölkənin müxtəlif bölgələrində nümayiş olunacaq “Ay Dövriyyəsi” tamaşalarının hazırlanmasına xidmət edib.

Qrup Bakıdan başlayaraq və ölkənin müxtəlif bölgələrini əhatə edən, o cümlədən Sumqayıt, Şəki, Zaqatala, Gəncə və Bərdədə davam edən silsilə canlı tamaşalar nümayiş etməyə hazırlaşır. Tamaşalar ödənişsiz və ictimaiyyətə açıqdır.

ABŞ səfirliyi sosial teatr sənətinə maraq göstərənləri aşağıdakı tədbirlərdə iştirak etməyə dəvət edir:

15 fevral, 2016 - Bakı-YARAT (Müasir İncəsənət Məkanı) -19:00

16 fevral, 2016 – Sumqayıt N.Nərimanov adına Mədəniyyət Evi -15:00

17 fevral, 2016 – Şəki Dövlət Dram Teatrı -16:00

18 fevral, 2016 – Zaqatala Mədəniyyət Evi -14:30

19 fevral, 2016 – Gəncə Dövlət Dram Teatrı -16:00

20 fevral, 2016 – Bərdə Mədəniyyət Evi -12:00

Proqram ABŞ səfirliyinin Mədəniyyət Səfirləri Proqramı və Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində maliyyələşdirilir.

Qeyd edək ki, Bond Street Teatrı 1976-cı ildə Joanna Şerman və Patrik Skiarratta, eləcə də innovativ teatr həvəskarları olan və bəşəriyyətə fayda vermək niyyətində olan bacarıqlı, sosial cəhətdən məsuliyyətli aktyorlardan ibarət bir qrup tərəfindən yaradılıb. Bu günə qədər şirkət Çin, Yaponiya, İndoneziya, Myanma (Birma), Sinqapur, Tailand, Pakistan, Əfqanıstan, Hindistan, İsrail, Fələstin, Haiti, Kolumbiya, Braziliya, Venesuela, Qvatemala, Meksika, Serbiya, Kosovo, Bosniya və Herseqovina, Albaniya, Makedoniya, Bolqarıstan, Xorvatiya, Rumıniya və Macarıstan, eləcə də Avropanın müxtəlif ölkələrində, Kanada və ABŞ-da teatr layihələri təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR