Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı məhkəmə prosesi davam etdirilib

Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı məhkəmə prosesi davam etdirilib
# 03 mart 2016 10:46 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Arif Əliyevin vəkili Fəxrəddin Əliyev çıxış edərək müdafiə etdiyi şəxsə verilən ittihamı əsassız adlandırıb: “İttihamda qeyd edilib ki, Arif Əliyev Rasim Əliyevin telefonunu oğurlayıb. Lakin bu yalandır”.

Vəkil həkimlərin cinayət məsuliyyətinə cəlb olunması üçün sənədlərin Baş Prokurorluğa göndərilməsini və Arif Əliyevə Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə bəraət verilməsini istəyib.

Daha sonra təqsirləndirilən Samir Mustafayevin vəkilləri Ruslan Həsənov və Bəxtiyar Hacıyev çıxış ediblər. Onlar da S. Mustafayev barəsində bəraət hökmünün çıxarılmasını xahiş ediblər.

Sonda təqsirləndirilən Kənan Mədətovun vəkili Rəsul Yusifbəyli çıxış edərək K. Əliyevin heç kimi vurmadığını və cinayətdə də iştirak etmədiyini bildirib. O, K. Mədətovun ittiham olunduğu Cinayət Məcəlləsinin 126.3-cü maddəsinin 307.1-ci maddəsinə tövsif edilməsini məhkəmədən xahiş edib.

Məhkəmə prosesi martın 10-da davam etdiriləcək.

Qeyd edək ki, fevralın 23-də keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, Elşən İsmayılov və Arif Əliyevin hər birinin 14 il, Camal Məmmədovun 12 il, Samir Məmmədov və Kənan Mədətovun hər birinin 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyev orada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.

C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.


Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR