Bakı Ali Neft Məktəbində orduya dəstək aksiyası keçirilib

Bakı Ali Neft Məktəbində orduya dəstək aksiyası keçirilib
# 06 aprel 2016 09:28 (UTC +04:00)

Bakı-APA. Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri orduya dəstək aksiyası keçiriblər.

BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, tələbələr vətənpərvər ruhda əsgər marşı oxuyub və Azərbaycanın üçrəngli bayraqlarını dalğalandırıblar. Tələbələr “Yaşasın Azərbaycan əsgəri!”, “Var olsun vətənimiz! Xar olsun düşmənimiz!”, “İlhamla İrəli! Get qazan zəfərləri!” “Hər şey vətən üçün!”, “Şəhidlər ölməz! Vətən bölünməz!”, “Vətən sənə, canım fəda!”, ”Qarabağ bizimdir! Bizim olacaq!”, “Ordumuzla fəxr edirik!”, “Bir millət-iki Dövlət! Azərbaycan-Türkiyə!”, “Qarabağ üçün vuruşmağa ancaq Ali Baş Komandanın əmrini gözləyirik!” şüarlarıyla ordumuza dəstək nümayiş etdiriblər.

Rektoru Elmar Qasımov Azərbaycan kəndlərini, yaşayış məntəqələrini, hərbi mövqelərimizi şiddətli atəşə tutan Ermənistanın hərbi qüvvələrinə cavab olaraq Azərbaycan ordusunun son günlərdə düşmənə sarsıdıcı zərbələr vurduğunu, Azərbaycanın işğalda olan bir neçə yüksəkliyi ordumuz tərəfindən azad edildiyini bildirib. Elmar Qasımov beynəlxalq təşkilatların çağırışlarına əməl qoymayan Ermənistanın dəfələrlə cəbhə xəttində təxribata cəhd göstərdiyini lakin Azərbaycan ordusu tərəfindən onlara layiqli cavab verildiyini deyib.

Ali Məktəbin tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Ramiz Hümbətov Azərbaycan xalqının doğma torpaqlarının erməni işğalçılarından azad etməyə hər an hazır olduğunu deyib.

Qeyd edək ki, BANM-in binasının bütün pəncərələrindən Azərbaycan bayraqları asılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR