"Azəravtoyol": "Şamaxinka"da avtomobillərin maneəsiz hərəkəti üçün torpaq təpəcik sökülüb

"Azəravtoyol": "Şamaxinka"da avtomobillərin maneəsiz hərəkəti üçün torpaq təpəcik sökülüb
# 29 mart 2016 14:09 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolundan Moskva prospektinin yan yoluna, daha dəqiqi “Şamaxinka” deyilən əraziyə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə daxil olmasını təmin etmək məqsədi ilə “Bakı Dairəvi-1” avtomobil yolunun giriş hissəsində yerləşən torpaq təpəciyinin bir hissəsi sökülməsi və yolun genişləndirilməsi işləri yekunlaşıb.

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, sözügedən hissədə yol bir hərəkət zolağı enində genişləndirilib. Artıq avtonəqliyyat vasitələri manevr etmədən “Şamaxinka” deyilən əraziyə birbaşa daxil ola bilirlər. Bu isə həmin hissədə nəqliyyat vasitələrinin sıxlığının azalmasına müsbət təsir edir.

Qeyd edək ki, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci kilometrlik hissəsində yaranan tıxacların aradan qaldırılması məqsədi ilə “Azəravtoyol” ASC tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Kompleks tədbirlər çərçivəsində yolun “Xırdalan dairəsi” istiqamətinə doğru olan hissəsinin 9-cu kilometrliyində yerləşən yerüstü piyada keçidinin dayaqlarının sökülməsi işləri aparılır. Artıq dayaqların sökülməsi, yeni dayaqların tikintisi və mövcud keçidin yeni dayaqlara doğru tikilərək uzadılması işləri başa çatıb. Hazırda yeni giriş hissənin tikintisi aparılır. İşlər tam başa çatdıqdan sonra həmin hissədə yol 5-6 metr genişlənəcək, yolun hərəkət hissəsi isə əlavə bir hərəkət zolağı enində genişləndirilərək 4 hərəkət zolağına çatdırılacaq.

Yolun “Xırdalan dairəsi”nə doğru olan hissəsinin də bir hərəkət zolağı enində genişləndirilməsi işləri aparılır. Sözügedən işlər 1 200 metrlik ərazini əhatə edəcək. Aparılacaq təmir-tikinti işləri çərçivəsində yol kənarlarında səth sularının normal kənarlaşdırılması üçün suötürücü küvetlər də tikiləcək.

Yerüstü piyada keçidinə çatmamış yolun kənarında təqribən 150 metr uzunluğunda, 10-15 metr enində olan süni təpəciyin sökülməsi və yolun genişləndirilməsi işləri də tam olaraq yekunlaşdırılıb. Nəticədə bu hissədə yol daha 3 hərəkət zolağı enində genişləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR