Nazir müavini: "Vətəndaş müraciətlərinə yerlərdəki real vəziyyəti göstərən barometr kimi baxılmalıdır"

Nazir müavini: "Vətəndaş müraciətlərinə yerlərdəki real vəziyyəti göstərən barometr kimi baxılmalıdır"
# 27 yanvar 2016 15:24 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Yanvarın 23-də Vergilər Nazirliyində vətəndaş müraciətlərinə baxılması ilə bağlı nazirliyin məsul vəzifəli şəxslərinin və yerli vergi orqanlarının nümayəndələrinin iştirakı ilə müşavirə keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, prezident İlham Əliyev vətəndaşların müraciətlərinə diqqətlə yanaşılmasını hər bir dövlət qurumunun ən mühüm vəzifələrindən biri kimi müəyyənləşdirib: “Ölkə başçısının tapşırığı ilə mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri mütəmadi olaraq yerlərdə vətəndaşları qəbul edir, onları narahat edən məsələlərlə bağlı müvafiq tədbirlər həyata keçirir və bu məsələ vergi orqanlarının da fəaliyyətində prioritet təşkil edir”.

Vergilər naziri Fazil Məmmədovun vətəndaş müraciətlərinə baxılmasının vergi yığmaq qədər vacib məsələ olduğu barədə fikrinə istinad edilərək bildirilib ki, rəhbərlik vətəndaşların qaldırdıqları problemlərin dəqiqliklə araşdırılmasını və müvafiq tədbirlərin görülməsini daim diqqət mərkəzində saxlayır, vergi orqanlarında vətəndaş müraciətlərinə baxılması vəziyyəti barədə ayda bir dəfə nazirə xüsusi xidməti məruzə təqdim olunur.

Sahib Ələkbərov vurğulayıb ki, vətəndaş müraciətləri dövlət-vətəndaş münasibətlərinin barometri kimidir, ona görə də müraciətləri daim nəzarətdə saxlamaq, onlardan nəticə çıxarmaq və vaxtında lazımi tədbirlər görmək vergi orqanları qarşısında qoyulmuş ən mühüm vəzifələrdəndir: “Sahibkarların qarşılaşdıqları problemlərin öyrənilməsi baxımından ən aktual və dəqiq məlumatlar da məhz vətəndaş müraciətlərinin araşdırılması zamanı üzə çıxır”.

Nazir müavini vergi orqanlarına daxil olan müraciətlərin statistikasına toxunaraq qeyd edib ki, 2014-cü illə müqayisədə keçən il müraciətlərin sayında azalma olub. Onun sözlərinə görə, vətəndaş müraciətlərinin araşdırılaraq qanuna müvafiq tədbirlər görülməsi müraciətlərin sayından daha vacib əhəmiyyət daşıyır. “Əvvəlki illərdə rast gəlinən ən böyük problemlərdən biri müraciətlərə vaxtında baxılmaması, süründürməçilik hallarına yol verilməsi idisə, 2015-ci ildə bu hal tamamilə aradan qaldırılıb”, - deyə o vurğulayıb.

S. Ələkbərov əlavə edib ki, vergilər nazirinin əmri ilə ötən il nazirliyin strukturunda icraya nəzarət şöbəsi yaradılıb, vətəndaş müraciətlərinin qəbulu, sənədlərə baxılması işinin daha da təkmilləşdirilməsi məqsədilə xüsusi proqramlar hazırlanıb.

Vergilər Nazirliyi Aparatının rəhbəri Əli Həsənov deyib ki, 12 noyabr 2015-ci il tarixdən qüvvəyə minmiş “Vətəndaş müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu vətəndaşların öz hüquq və azadlıqları çərçivəsində müraciət hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləmək, vəzifəli şəxslər tərəfindən müraciətlərə baxılma qaydalarını müəyyən etmək məqsədi daşıyır. Onun sözlərinə görə, qanunla dövlət orqanları tərəfindən vətəndaşların müraciətlərinə baxılması sahəsində dəqiq və əhatəli hüquqi tənzimləmə mexanizmi müəyyən edilib: “Qanunda öz əksini tapmamış bir sıra müddəalar - vətəndaşların müraciətlərinə baxılmasının prinsipləri, müraciətlərə dair tələblər, müraciətin baxılmamış saxlanılması, nəzarətin həyata keçirilməsi, müraciətlərə baxılma zamanı vətəndaşların hüquqları, canlı yayımlanan teleradio proqramları, telefon müraciət xidməti vasitəsilə edilən şifahi müraciətlərin xüsusiyyətləri, elektron müraciət kimi yeni normalar müəyyən olunub”.

Qeyd olunub ki, Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində (AVİS) sənədlərin icrası, vətəndaş müraciətlərinə baxılması proseslərini əvvəldən axıradək izləməyə imkan verən dəqiq və kifayət qədər təkmil nəzarət sistemi yaradılıb. Vətəndaş müraciətlərinə baxılması ilə əlaqədar dövlət vergi orqanlarında ən son texnoloji avadanlıqlarla təchiz edilmiş xüsusi qəbul otaqları yaradılıb. Şikayət xarakterli qəbullar zamanı vətəndaşa əvvəlcədən xəbərdarlıq edilməklə videoçəkiliş həyata keçirilir və bu materiallar xüsusi kodlar altında Vətəndaşların qəbulu şöbəsində arxivləşdirilir. Mübahisəli məqamları aydınlaşdırmaq, şəffaflığı təmin etmək, hadisəni düzgün qiymətləndirmək üçün həmin videomateriallardan istifadə olunur.

Vətəndaşlar tərəfindən vergi orqanlarına müraciət etmək imkanlarının və bu sahədə şəffaflığın daha da artırılması məqsədilə Vergilər Nazirliyinin rəsmi internet səhifəsində (www.taxes.gov.az) «Vergilər nazirinə onlayn müraciət», «Vergi orqanı əməkdaşlarının fəaliyyətində korrupsiya və digər hüquqpozma halları barədə məlumatın onlayn verilməsi», «Vergi orqanı əməkdaşlarının qeyri-etik davranışı barədə məlumatın onlayn verilməsi», «Vergi Apelyasiya Şurasına müraciətin onlayn təqdim edilməsi» imkanları yaradılıb. Bundan başqa, vergilər nazirinin elektron poçt ünvanına daxil olmuş müraciətlərə baxılmasının operativliyini və keyfiyyətini artırmaq, onların mümkün qədər qısa zamanda cavablandırılmasını təmin etmək məqsədilə nazirlikdə xüsusi komissiya da yaradılıb.

Aparat rəhbərinin müavini Elçin Namazlı tədbir iştirakçılarını 2015-ci ildə vergi orqanlarında vətəndaş müraciətlərinə baxılması vəziyyəti ilə tanış edib. Qeyd olunub ki, ötən il ərzində vergi orqanlarına ümumilikdə 95 996 vətəndaş müraciəti daxil olub ki, bu da 2014-cü illə müqayisədə 7% azdır. Daxil olmuş müraciətlərin 92 445-i ərizə (96,3%-i), 3402-si şikayət (3,5%), 149-u təklif (0,2%) olub. 2014-cü illə müqayisədə ərizə və təkliflərin sayında azalma müşahidə olunsa da, şikayətlərin sayı artıb. Müraciətlərin 37,9%-i kameral vergi yoxlamaları, 33,1%-i müxtəlif arayışların alınması, 3,9%-i vergi borcları, 2,2%-i səyyar vergi yoxlamaları, 1,7%-i nağd hesablaşmaların aparılması qaydalarının pozulması və operativ vergi nəzarəti tədbirləri, 1,5%-i vergidən yayınma və dividendlərin verilməsi, 19,7%-i digər məsələlərlə bağlıdır. Baxılmış müraciətlərdən 70,1%-i müsbət həll edilib, 22,3%-i barədə müvafiq izahatlar verilib, 4%-i əsassız sayılıb, 0,6%-i qismən həll olunub, 0,5%-i aidiyyəti üzrə göndərilib, 2,5%-i isə icradadır.

Vergi orqanlarında sənədlərə baxılması zamanı yol verilən nöqsan və pozuntuların, onlara şərait yaradan halların müəyyənləşdirilməsi və aradan qaldırılması məqsədilə Vergilər Nazirliyinin Aparatı tərəfindən müntəzəm olaraq monitorinqlər aparılır.

E.Namazlı müraciətlərin cavablandırılması prosesində yol verilən nöqsan və çatışmazlıqlar barədə də müşavirə iştirakçılarına məlumat verib.

Vergilər Nazirliyinin Daxili təhlükəsizlik Baş İdarəsinin şöbə rəisi Şahin Səfərov korrupsiya ilə bağlı hüquqpozmalara toxunaraq bildirib ki, 2015-ci ildə vergi orqanları əməkdaşlarının qanunsuz hərəkətləri barədə Baş İdarənin icraatına 626 şikayət daxil olub. 233-ü eyni, 47-si isə təkrar olduğundan, şikayətlərin faktiki sayı 346-dır. Şikayətlərdən 33,5%-i operativ vergi nəzarəti, 11%-i vergi auditi, 3,5%-i vergi ödəyicilərinə xidmət, qalanları isə digər məsələlərlə bağlı olub. 346 faktiki şikayətin hamısına bilavasitə müraciət müəlliflərinin iştirakı ilə baxılıb. Onlardan 15%-i tam və ya qismən təsdiqini tapıb, 4,6%-i ilə bağlı qanunamüvafiq izahatlar verilib, 80,4%-i isə əsassız sayılıb.

Ş.Səfərov Daxili təhlükəsizlik Baş İdarəsi tərəfindən vergi orqanları əməkdaşlarının qanunsuz hərəkətləri və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı aparılmış xidməti araşdırma və təhqiqatların nəticələri barədə, hər bir nöqsan üzrə misallar göstərərək, ətraflı məlumat verib, bu halların aradan qaldırılması və gələcəkdə belə hallara yol verilməməsi üçün görülməli olan zəruri tədbirlər barədə danışıb.

Vergilər Nazirliyinin Hüquq Baş İdarəsinin Hüquqi təminat şöbəsinin rəisinin səlahiyyətlərini icra edən Anar Rzayevin çıxışı inzibati icraat çərçivəsində vergi ödəyicilərinin şikayətlərinə baxılması zamanı ortaya çıxan problemlər və onların həlli ilə əlaqədar görülmüş tədbirlərə həsr olunub. A.Rzayev «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu, inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsasları, maraqlı şəxslər tərəfindən inzibati orqanlara müraciət etmək qaydaları, onların inzibati icraatda iştirakı, inzibati orqanın vəzifəli şəxslərinə etirazların verilməsi, o cümlədən maraqlı şəxslərin hüquqlarına və qanuni maraqlarına zidd olan inzibati orqanların inzibati aktlarından, hərəkət və ya hərəkətsizliyindən şikayətlərin verilməsi ilə bağlı məsələlər barədə ətraflı məlumat verib. Bildirilib ki, Vergilər Nazirliyi və ona tabe olan vergi orqanları inzibati orqan kimi, qanunun təkmilləşdirilməsi istiqamətində layihələr hazırlayaraq normayaratma orqanına təqdim edib.

Müşavirənin sonunda vətəndaş müraciətlərinin müsbət həlli üçün daha səmərəli yolların axtarılması ilə bağlı tədbir iştirakçılarının təklifləri dinlənilib, onların çoxsaylı sualları cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR