Naxçıvanda tarixi İmamzadə türbə-ziyarətgahı bərpa edilərək istifadəyə verilib

Naxçıvanda tarixi İmamzadə türbə-ziyarətgahı bərpa edilərək istifadəyə verilib
# 15 fevral 2016 19:15 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Xanlıqlar kəndindəki orta əsr Azərbaycan memarlığının qiymətli nümunələrindən olan İmamzadə türbəsi bərpa olunub və bu gün tarixi abidə, həm də ziyarətgah kimi istifadəyə verilib.

APA-nın məlumatına görə, bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Xanlıqlar kəndinə gəlib, türbədə aparılmış bərpa işləri ilə tanış olub.

İmamzadə türbəsi yeddinci İmam Musa Kazımın oğlu Şahzadə İbrahimin məzarı üstündə tikilib, uzun illər ziyarətgah və inanc yeri olub. İmamzadə giriş, salon və otaqlardan ibarətdir. Aşağı hissəsi kvadrat şəklində inşa edilən binanın tavanı tağvari günbəzlə örtülüb. Bərpa işləri zamanı “İmamzadə”nin tarixi görkəmi və qədim memarlıq elementləri qorunub saxlanılıb. Abidənin həyətində də geniş abadlıq işləri aparılıb.

V. Talıbov deyib ki, ziyarətgahların ərazisi abad və səliqəli olmalıdır. Ona görə də Xanlıqlar kəndindəki İmamzadə türbəsi bərpa olunaraq ona ikinci həyat verilib, türbənin yerləşdiyi ərazi abadlaşdırılıb. Ali Məclis sədri bildirib ki, həyata keçirilən bu tədbirlər tarixi-mədəni irsimizə göstərilən qayğı olmaqla yanaşı, eyni zamanda türbədə məzarı olan Şahzadə İbrahimə, onun ailəsinə və dinimizə hörmətin daha bir ifadəsidir. V. Talıbov abidə haqqında bələdçi mətninin hazırlanması, tanıdılması və təbliği barədə tapşırıqlar verib.

Sonra “Qurani-Kərim”dən ayələr oxunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR