Amerika Milli Futbol Liqasının qalibi olan "Kanzas Siti" klubunun çempionluq mərasimində azarkeşlər arasında atışmada yaralananların sayı 29-a yüksəlib.
APA xəbər verir ki, bu barədə Kansas şəhərinin Polis İdarəsi (Kansas City, Kansas Police Department - KCKPD) yerli xəstəxanalardan daxil olan məlumatlar əsasında bildirib.
Məlumata əsasən, atışma zamanı ən azı 29 nəfər yaralanıb və onların arasında 19 nəfəri güllə yarası alıb.
Dörd yerli xəstəxanadan daxil olan məlumatlarda deyilir ki, Truman Tibb Mərkəzi 12 yaralı qəbul edib, onlardan səkkizi güllə yarası alıb, ikisinin vəziyyəti ağırdır.
Kanzas Universitetinin Səhiyyə İdarəsi hadisə nəticəsində bir güllə yarası alan şəxsi qəbul edib.
Kanzas Şəhər Mərkəzi Xəstəxanasına 12 yaralı aparılıb, onlardan 11 nəfəri 6-15 yaş arası uşaqlardır. 9 nəfər güllə yarası alıb.
Həmçinin əlavə olunub ki, Kanzas-Sitidə yerləşən Müqəddəs Luka Xəstəxanasına 4 yaralı daxil olub. Onların üçünün xəsarətləri yüngül dərəcəli qiymətləndirilib, ağır vəziyyətdə olan bir nəfərin müalicəsi davam etdirilir.
***
07:07
ABŞ-nin Kanzas şəhərində atışma olub.
APA xəbər verir ki, hadisə Amerika Milli Futbol Liqasının qalibi olan "Kanzas Siti" klubunun çempionluq mərasimində baş verib.
Şəhər polisindən verilən açıqlamada, "Super Bowl" kimi tanınan çempionluğun qeyd edilməsi üçün şəhər meydanına toplaşan insanlar arasındakı izdihamda silah səsləri eşidilib.
Hadisə nəticəsində bir nəfər ölüb, 22-si isə yaralanıb.
Baş vermiş atışma ilə bağlı üç nəfər saxlanılıb.