Bu ilin yanvar-iyun aylarında “Azərbaycan Hava Yolları” QSC (AZAL) Gürcüstana 42 505 sərnişin daşıyıb.
APA-nın yerli bürosunun Gürcüstanın Mülki Aviasiya Agentliyinə istinadla verdiyi məlumata görə, hesabat dövründə AZAL-ın qonşu ölkənin aviasiya bazarındakı payı 2% təşkil edib.
Hesabat dövründə xarici aviaşirkətlər Gürcüstana ümumilikdə 2 049 635 sərnişin daşıyıb. Qonşu ölkəyə daşınmış sərnişinlərin sayına görə 247 485 nəfərlə “Gürcüstan hava yolları” (“Airzena”) aviaşirkəti birinci yeri tutub.
İkinci yerdə isə “Türk Hava Yolları” aviaşirkətidir (246 021 sərnişin). Hər iki aviadaşıyıcısı Gürcüstanın aviasiya bazarında 12% paya sahibdir. Üçüncü yerdə isə “Wizz Air” aviaşirkəti (223 364 sərnişin) qərarlaşıb.
Qeyd edək ki, keçən ilin sentyabrın 1-dən etibarən Bakıdan Gürcüstanın paytaxtı Tbilisiyə uçuşları AZAL-ın nəzdində yaradılmış “Buta Airways” aşağı büdcəli aviaşirkət yerinə yetirir.