"ABU işi"ndə adı hallanan Sevinc Babayevanın oğlunun məhkəməsi başlayıb

"ABU işi"ndə adı hallanan Sevinc Babayevanın oğlunun məhkəməsi başlayıb
# 14 oktyabr 2016 13:41 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham edilən Ayxan Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatlar dəqiqləşdirilib.

Vəkil cinayət işi ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin hazırlıq iclası oktyabrın 17-də davam etdiriləcək.

Qeyd edək ki, bu il fevralın 4-də Bakının Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci mədən, korpus 30-da yaşayan, əvvəllər məhkum olunmuş, 1989-cu il təvəllüdlü A.Məmmədov evinin həyətində arvadı Günay Məmmədovanın baş, sinə və kürək nahiyələrindən bir neçə bıçaq zərbəsi vurub. G.Məmmədova Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Daha sonra A.Məmmədovun polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib. A. Məmmədov Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, A.Məmmədov Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda keçmiş deputat Gülər Əhmədova ilə onun arasında vasitəçi kimi təqdim olunan Sevinc Babayevanın oğludur.

Qeyd edək ki, işlə bağlı S.Babayeva "İnterpol" xəttiylə axtarışa verilib. O, axtarışda olduğu vaxt Türkiyənin İstanbul şəhərindəki klinikalardan birində ürək xəstəliyindən vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR