İKT-nin inkişafına dair Strateji Yol Xəritəsindəki konkret tədbirlər üzrə fəaliyyət aparılmayıb - MONİTORİNQ

İKT-nin inkişafına dair Strateji Yol Xəritəsindəki konkret tədbirlər üzrə fəaliyyət aparılmayıb - <span style="color: red;">MONİTORİNQ
# 11 sentyabr 2017 14:26 (UTC +04:00)

Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsinin yanvar-iyun ayları ərzində icra vəziyyəti açıqlanıb.

"APA-Economics" xəbər verir ki, sənəddə əsas hədəflər kimi idarəetmə strukturlarının təkmilləşdirilməsi və İKT-nin gücləndirilməsi, sahibkarlıq subyektlərinin fəaliyyətində məhsuldarlığın və əməliyyat səmərəliliyinin artırılması, hökumətin və sosial mühitin rəqəmsallaşdırılması göstərilib.

Ümumi nəticəyə nəzər saldıqda məlum olur ki, cari ilin ilk yarısında nəzərdə tutulmuş tədbirlərin 9%-i icra olunub, 35%-nin icrasına başlanılıb, 56%-nin isə icrasına başlanılmayıb.

Hədəflərə gəlincə, sənəddə əsas hədəflər kimi idarəetmə strukturlarının təkmilləşdirilməsi və İKT-nin gücləndirilməsinin 33%-nin icrasına başlanılıb, 67%-i icra olunmayıb. Bundan başqa, sahibkarlıq subyektlərinin fəaliyyətində məhsuldarlığın və əməliyyat səmərəliliyinin artırılmasının 10%-i icra olunub, 32%-nin icrasına başlanılıb, 58%-nin icrasına başlanılmayıb, hökumətin və sosial mühitin rəqəmsallaşdırılmasının 25%-i icra olunub, 50%-nin icrasına başlanılıb, 25%-i isə icra olunmayıb.

Əsas icraçı qurumların performansı isə aşağıdakı kimidir:

Qurumun adı

Performansı

(faizlə)

Məsul olduqları tədbirlərin sayı

ASAN xidmət

50%

4

Səhiyyə Nazirliyi

50%

2

Mərkəzi Bank

25%

2

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

32%

11

Təhsil Nazirliyi

21%

7

Ədliyyə Nazirliyi

0%

1

İqtisadiyyat Nazirliyi

0%

5

Ümumilikdə, Strateji Yol Xəritəsində əksini tapmış prioritetlərin icra vəziyyəti ilə bağlı ilin ilk yarısında 27%-lik proqres müşahidə olunub.

Görülmüş işlər barədə qısa məlumat:

Telekommunikasiya bazarının liberallaşdırılması üzrə tədbirlər çərçivəsində TASİM layihəsi üzrə Texniki-İqtisadi Əsaslandırmanın aparılması üçün ilkin şərtlər toplusu hazırlanmış və baxılması üçün bütün üzv olan operatorlara təqdim edilib. Mövcud və yeni yaranan beynəlxalq trafik kanallarının alternativliyinin təmin edilməsi üzrə zəruri tədbirlər görülüb.

“MasterCard Worldwide” beynəlxalq kart təşkilatı rəqəmsal ödənişlərin genişləndirilməsi ilə bağlı işlərə cəlb edilmiş və bu əməkdaşlıq çərçivəsində geniş təhlil və diaqnostika işlərinə başlanılmışdır. Sözügedən təşkilatla birlikdə dövlət qurumları, kommersiya bankları ilə görüşlər keçirilmiş, sorğu və müsahibə təşkil edilib, nağd ödənişlərə təkan verən makro və mikro amillər müəyyən edilib.

Dövlət qurumlarının elektron xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin icrası üzrə təkliflər, o cümlədən dəyişikliklər edilməli olan bəzi normativ hüquqi aktların siyahısı, habelə “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın layihəsi hazırlanıb, rəy və təkliflərin bildirilməsi üçün aidiyyəti qurumlara təqdim olunub. “Hökumət bulud”un (“Gcloud”) texniki və iqtisadi əsaslandırılmasının hazırlanması ilə bağlı iş aparılır.

Azərbaycan və Çin hökumətləri arasında texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində noutbuk, elektron lövhə, proyektor və masaüstü kompüter avadanlıqlarının təchizatına başlanılıb. 2017-ci ilin yanvar-may ayları ərzində 34 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə fiber-optik, ADSL və simsiz bağlantı ilə qoşulub. “e-derslik.edu.az” portalında yeni dərsliklər nəşr olunub, habelə passiv mütaliə mövzusunda təhsilverənlər üçün video çarxlar hazırlanıb. Təkmilləşdirmə kurslarının təşkil edilməsi istiqamətində 500 nəfərə yaxın təhsilverən və məktəbin idarəedici heyəti üçün ilkin İKT bacarıqları və layihəəsaslı metodlar üzrə kurslar təşkil edilib.

Dövlət təşkilatlarında informasiya sistemlərinin təkmilləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasında elektron xidmətlərin inkişafının gücləndirilməsi” layihəsinə başlanılıb. Dövlət İT sistemlərinin müasirləşdirilməsi ilə bağlı müvafiq işlər aparılıb, bir sıra layihələr hazırlanıb.

Ümumi standartlaşdırma sisteminin yaradılması və rəqəmsal reseptin verilməsi tədbirləri üzrə işçi qrup yaradılmış, rəqəmsal resept verilməsinin tətbiqinə dair texniki tapşırıq təklifləri hazırlanıb.

Əsas problemlər:

- Bir sıra hallarda verilmiş tapşırığın icrası məqsədi ilə yalnız işçi qrupun yaradılması ilə kifayətlənib, konkret tədbirlər üzrə fəaliyyət həyata keçirilməyib;

- Prioritet çərçivəsində nəzərdə tutulan tədbirlərin hər biri üzrə verilmiş tapşırıqlar konkret təhlil edilməklə sistemli yanaşma mövcud deyildir ki, bu da tədbirlərin icrasında gecikmələrə səbəb ola bilər.

Tövsiyələr:

Ümumilikdə isə tədbirlərdə nəzərdə tutulan tapşırıqlara ümumi deyil, nöqtəvi yanaşma tətbiq edilməklə, hər bir tapşırıq üzrə ayrılıqda fəaliyyət təmin edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR