İtaliyanın ATƏT-dəki sədrliyi Qarabağ danışıqlarında yeni format yaratmaq və ya mövcud formatda islahat aparmaq niyyətində deyil

İtaliyanın ATƏT-dəki sədrliyi Qarabağ danışıqlarında yeni format yaratmaq və ya mövcud formatda islahat aparmaq niyyətində deyil
# 06 aprel 2018 15:20 (UTC +04:00)

"Həlli uzanan münaqişələrin həlli bizim bu il ATƏT-dəki sədrliyimizin əsas prioritetləri sırasındadır".

Bunu APA-ya açıqlamasında İtaliyanın ATƏT-dəki sədrliyinin mətbuat xidmətinin rəhbəri Giovanni Davoli deyib.

Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, o bildirib ki, ATƏT sədri xüsusi nümayəndə təyin edib, onun əsas vəzifəsi həssas və vacib işlərinin icrasında ATƏT-in Minsk qrupu həmsədrlərinə qoşulmaqdır: “Bunu münaqişənin davamlı, hərtərəfli və qənaətbəxş həlli üçün səylər göstərən Minsk qrupunun fəaliyyətini dəstəkləmək sahəsində vacib hesab edirik. Biz yeni format yaratmaq və ya mövcud formatda islahatlar aparmaq niyyətində deyilik. Daha çox tərəfləri məqsədyönlü və konstruktiv yanaşmaya həvəsləndirərək danışıqlara təkan verməyə çalışırıq. Münaqişənin həlli formatdan deyil, iki tərəfin siyasi iradəsindən asılıdır. Bu, dialoq, məsuliyyət və xüsusilik kimi müəyyən etdiyimiz təlimatlarla bərabər, sədrliyimizin əsas açarı və məqsədidir”.

ATƏT sədrinin regiona səfəri ilə bağlı mətbuat katibi bildirib ki, hazırda İtaliyada fəaliyyətini baş vurmaqda olan hökumət var: “Getməkdə olan hökumətlə əlaqədar getməkdə olan ATƏT sədri var. Mən əminəm ki, yeni ATƏT sədri səfər missiyasına ciddi yanaşacaq. Lakin dəqiq vaxt hələlik müəyyənləşməyib”.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR