SECO MBNP-nin potensialını gücləndirəcək

SECO MBNP-nin potensialını gücləndirəcək
# 24 fevral 2017 07:25 (UTC +04:00)

Bu gün Bakıda Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), Dünya Bankı (DB) və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) Maliyyə Sektorunun Müasirləşdirilməsi Layihəsinin II fazasının (FSMP2) təqdimatı keçirilib.

"APA-Economics" xəbər verir ki, layihənin məqsədi hüquqi və tənzimləyici bazanın genişləndirilməsi, MBNP-nin nəzarət potensialının gücləndirilməsi, əmanətçilər və maliyyə xidməti istehlakçılarının maraqlarını qorumaq məqsədi ilə maliyyə təhlükəsizliyinin gücləndirilməsi vasitəsi ilə Azərbaycanın maliyyə sektorunu sabitləşdirmək və inkişafına dəstək verməkdən ibarətdir.

"Azərbaycan hazırda tənzimləyici baza və institutları gücləndirməklə maliyyə sektorunun transformasiyası məqsədi ilə hərtərəfli islahatları həyata keçirməkdədir. SECO və Dünya Bankı ilə davamlı əməkdaşlıq bizə qabaqcıl beynəlxalq təcrübə və ekspertizadan faydalanmaq imkanı verəcək", - deyə MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

Layihə çərçivəsində sektorda həyata keçirilən islahatların dəstəklənməsi məqsədilə tövsiyələrin hazırlanması, beynəlxalq təcrübənin bölüşülməsi və texniki yardımın təmin olunması üçün dövlət və özəl sektordan müxtəlif maraqlı tərəflərlə əməkdaşlıq ediləcək.

"Mən inanıram ki, İsveçrə tərəfindən maliyyələşdirilən Dünya Bankının bu layihəsi maliyyə sektorunun gələcək dayanıqlı inkişafını təmin etmək və iqtisadi artım və iş yerlərinin yaradılmasında bu sektorun rolunu artırmaqla Azərbaycanın dövlət qurumlarına yardım etmək üçün vaxtında irəli sürülüb", - deyə DB-nin Azərbaycan üzrə meneceri Navid Həsən Naqvı vurğulayıb.

FSMP2 maliyyə sektorunun potensialının artırılması və iqtisadi artımın dəstəklənməsi məqsədilə kreditləşmənin yenidən həyata keçirilməsi üçün Azərbaycan maliyyə sektorunda bir sıra prioritet sahələri, o cümlədən hüquqi və tənzimləyici baza islahatlar, maliyyə bazarlarına nəzarət qurumu olan MBNP-nin potensialının gücləndirilməsi, bank sektorunun stabilləşdirilməsi, əmanətlərin sığortalanması bazasının gücləndirilməsi, maliyyə istehlakçılarının müdafiəsinin gücləndirilməsi və problemli kreditlərin restrukturizasiyasının dəstəklənməsini əhatə edəcək.

"İsveçrə hökuməti Azərbaycanı iddialı iqtisadi, maliyyə və sosial islahatların həyata keçirilməsində dəstəkləməyi davam etdirmək əzmindədir", - deyə İsveçrənin Cənubi Qafqaz üzrə Əməkdaşlıq Ofisinin regional direktorunun müavini Simon Haberli qeyd edib.

Onun sözlərinə görə, maliyyə sektorunun davamlı müasirləşdirilməsi və inkişafı, o cümlədən əsas maliyyə infrastrukturu iqtisadi artım və Azərbaycan əhalisinin daha güclü sosial və maliyyə müdafiəsinin təmin olunması üçün vacibdir.

FSMP2 İsveçrə hökumətindən ayrılmış 3 mln. dollar məbləğində qrant hesabına DB tərəfindən 2017-2020-ci illər ərzində icra ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR