BMT Baş Assambleyasının iclası ABŞ-ın təşkilatdakı daimi nümayəndəsi Mayk Uoltsla Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilya arasında yaranan kəskin mübahisə səbəbindən bir neçə dəqiqəlik dayandırılıb.
TASS-ın məlumatına görə, hadisə ABŞ-ın Kubaya tətbiq etdiyi blokadanın ləğvinə dair qətnamə layihəsinin müzakirəsi zamanı baş verib.
Uolts çıxış edərkən Kubanın xarici işlər naziri yerindən qalxaraq tribunaya yaxınlaşıb və amerikalı diplomatın iclasın prosedur qaydalarını pozduğunu bildirərək söz tələb edib.
“Bu şəxs tribunadan uzaqlaşmalıdır. O, burada, ABŞ-da mənə hədə-qorxu gələ bilməz. Mən Birləşmiş Ştatların nümayəndəsiyəm. Uzaqlaşın”, – deyə Uolts bildirib.
Bundan sonra Kuba XİN rəhbəri öz yerinə qayıdıb və ona çıxış etmək imkanı yaradılıb.
“Mən ABŞ nümayəndəsinin qaydalara riayət etməyə çağırılmasını tələb edirəm. O, nəinki həyasızcasına yalan danışır, həm də bu forumun və üzv dövlətlərin ləyaqətinə yaraşmayan səviyyəyə enir. O, Kuba xalqının və hökumətinin ləyaqətini təhqir edir”, – deyə Rodriqes Parrilya bildirib.
Kubalı nazir çıxışında Uoltsu yenidən yalan danışmaqda ittiham edib və ona başqa vəzifələrdə daha uğurlu gələcək arzuladığını söyləyib.
Məlumata görə, Rodriqes Parrilya amerikalı diplomatın çıxışı zamanı daha iki dəfə prosedur qaydaları ilə bağlı söz alaraq onun bəyanatlarına etiraz edib.
Qeyd edək ki, ABŞ-ın Kubaya qarşı uzun illərdir tətbiq etdiyi ticarət-iqtisadi və maliyyə blokadasının ləğvinə dair qətnamə layihəsi oktyabrın 28-də BMT Baş Assambleyasında səsverməyə çıxarılacaq.