“Birləşmiş Ştatlar azad ticarət qaydalarını kobud şəkildə pozur, qlobal təchizat zəncirlərinin təhlükəsizliyini təhdid edir və elmə mane olur”.
APA xəbər verir ki, bunu Çinin ABŞ-dakı səfirliyinin mətbuat katibi Liu Penqyu Vaşinqtonun Pekinə qarşı tətbiq etdiyi sanksiyalara münasibət bildirərəkən deyib.
Penqyu əlavə edib ki, Çin həmişə ABŞ-ın milli təhlükəsizlik konsepsiyasını həddən artıq genişləndirmək və Çin şirkətlərinə, habelə tədqiqat institutlarına hədsiz təzyiq göstərmək cəhdlərinə qarşı çıxıb: “Birləşmiş Ştatlar ixrac nəzarəti kimi tədbirlər vasitəsilə müəyyən xarici şirkətləri və tədqiqat institutlarını sıxışdırmaqla, onların fəaliyyətini məhdudlaşdırmaqla özünü doğruldur. Vaşinqton administrasiyasının hərəkətləri “azad ticarət qaydalarını kobud şəkildə pozur, dünyanın sənaye və dəyər zəncirlərinin təhlükəsizliyini ciddi şəkildə təhdid edir, bəşəriyyətin elm və texnologiyasının inkişafına mane olur, insanların rifahına, maraqlarına ciddi zərbə vurur”.
Səfirlik sözçüsü ABŞ-ı öz səhv praktikasına dərhal son qoymağa çağırıb: Çin öz müəssisələrinin və tədqiqat institutlarının qanuni hüquq və maraqlarını qorumaq üçün bütün lazımi tədbirləri görəcək”.
Qeyd edək ki, ABŞ ötən gün Çinin 8 şirkətinə qarşı sanksiyalar tətbiq edib.