Bakıda I Türk Dövlətləri Endourologiya Konqresi və III Azərbaycan Endourologiya Cəmiyyətinin Konqresi keçirilib.
APA xəbər verir ki, konqres Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səhiyyə nazirinin müavini Nadir Zeynalov çıxışında bildirib ki, Azərbaycanda son illərdə həyata keçirilən islahatlar arasında səhiyyə sahəsi mühüm yer tutur. O qeyd edib ki, icbari tibbi sığortanın tətbiqi nəticəsində bir çox müalicə üsulları və diaqnostik xidmətlər əhali üçün daha əlçatan olub.
Azərbaycan Endourologiya Cəmiyyətinin sədri, professor Rauf Nağıyev konqresin türk dünyasında tibb elminin inkişafı, qarşılıqlı etimadın gücləndirilməsi və davamlı elmi əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Onun sözlərinə görə, konqresdə 230 dan artıq Azərbaycanlı uroloq və 6 ölkədən 37 tanınmış alim iştirak edir. Dəvətli spikerlərlə yanaşı, müxtəlif ölkələrdən 17 mütəxəssis də öz təşəbbüsü ilə konqresə qatılıb. Konqres çərçivəsində 21 elmi məruzə və iki praktiki kursun keçirilməsi planlaşdırılır.
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli isə qeyd edib ki, iştirakçılar yalnız elmi tədbirin açılışı üçün deyil, həm də türk dünyasının tibb elmi sahəsində əməkdaşlığının yeni mərhələsinin başlanğıcı üçün bir araya gəliblər. O, konqresin yüksək texnologiyaların tətbiqi, minimal invaziv cərrahiyyə, innovativ diaqnostika və müalicə metodlarının inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
Açılış mərasimi bədii hissə ilə davam edib.
Konqres çərçivəsində dörd panel sessiyası keçirilib. Sessiyalarda prostat vəzinin xəstəlikləri, böyrək və sidik yolları daşlarının müasir müalicəsi, robotik və laparoskopik cərrahiyyə, eləcə də endoskopik əməliyyatlarla bağlı yeniliklər müzakirə olunub.
Tədbirin əsas məqsədi endourologiya sahəsində yeni müalicə üsullarının və beynəlxalq təcrübənin mütəxəssislər arasında paylaşılmasıdır.