Vaşinqton administrasiyası KXDR-in yaratdığı nüvə və raket problemləri ilə bağlı ABŞ və Çinin maraqlarının qismən də olsa üst-üstə düşdüyünə əmindir.
APA TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.
“Şimali Koreya – KXDR – maraqların ən azı qismən üst-üstə düşdüyü sahələrdən biridir. Buna görə də KXDR-in raket proqramları və digər təhdidedici fəaliyyətlərinin yaratdığı təhdidlərdən söhbət düşərkən Çinlə müzakirələrə yer olduğunu düşünürük”, - ABŞ-ın xarici siyasət idarəsinin rəsmisi vurğulayıb.
Onun sözlərinə görə, məhz buna görə Vaşinqton Pxenyana qarşı siyasətin nəticələri barədə Pekinə məlumat verib və “müxtəlif formatlarda” KXDR ətrafındakı vəziyyətin tənzimlənməsi üçün ÇXR-lə qarşılıqlı əlaqə qurub.