Venesuelada iyunun 24-də baş vermiş güclü zəlzələlər nəticəsində dəyən birbaşa fiziki ziyanın həcmi 19,6 milyard ABŞ dolları təşkil edir.
APA xəbər verir ki, bu barədə Dünya Bankının ilkin qiymətləndirməsində bildirilib.
Qeyd olunub ki, 7,2 və 7,5 bal gücündə baş verən zəlzələlər nəticəsində hökumətin məlumatına əsasən, təxminən 5 min nəfər həlak olub, 17 minə yaxın insan yaralanıb, 18 minə yaxın sakin isə evsiz qalıb. Təbii fəlakət ölkənin şimal bölgələrində, o cümlədən paytaxt Karakasda yaşayış binalarına, infrastruktur obyektlərinə və digər tikililərə ciddi ziyan vurub.
Dünya Bankı bildirib ki, bu, Venesuelada 1812-ci ildən bəri qeydə alınan ən ölümcül zəlzələdir. Hesabatda qeyd edilir ki, ölkədə zəlzələ baş verənədək də sosial-iqtisadi vəziyyət ağır olub, yoxsulluq səviyyəsi 76%-i ötüb, 2015-ci ildən bəri isə 7,9 milyon nəfər ölkəni tərk edib.
Dünya Bankının Latın Amerikası və Karib hövzəsi üzrə vitse-prezidenti Susana Kordeiro Gerra bildirib ki, 19,6 milyard dollarlıq birbaşa zərər istənilən iqtisadiyyat üçün olduqca böyük göstəricidir və koordinasiyalı cavab tədbirləri tələb edir.
Hesabatda vurğulanıb ki, dağıntıların aradan qaldırılması, tikililərin daha dayanıqlı şəkildə yenidən inşası və digər əlavə işlər nəzərə alınarsa, bərpa xərcləri birbaşa ziyanın iki-iki yarım mislinə çata və ümumilikdə 50 milyard dollara yaxın ola bilər.
Qiymətləndirməyə əsasən, ziyanın 47%-i yaşayış binalarının, 27%-i infrastrukturun, 26%-i isə qeyri-yaşayış obyektlərinin payına düşür.
Dünya Bankı xəbərdarlıq edib ki, dövlət və özəl investisiyaların artırılmaması halında Venesuelanın istehsal potensialı və ümumi daxili məhsulu ən azı 2036-cı ilədək zəlzələdən əvvəlki səviyyəyə qayıtmaya bilər.
Bildirilib ki, Dünya Bankı Venesuela hökuməti, Amerikalararası İnkişaf Bankı və Latın Amerikası İnkişaf Bankı (CAF) ilə birlikdə ölkənin bərpa və yenidənqurma ehtiyaclarının daha əhatəli qiymətləndirilməsi üzərində işləyir.