GMO məhsulların molekulyar diaqnostikasına həsr olunan beynəlxalq elmi seminar keçirilib

GMO məhsulların molekulyar diaqnostikasına həsr olunan beynəlxalq elmi seminar keçirilib
# 23 iyul 2015 07:21 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. AMEA Botanika İnstitutunun Laboratoriya korpusunda “Azərbaycana idxal olunan kənd təsərrüfatı bitkilərinin, toxumların müxtəlif xəstəliklərinin və genetik modifikasiya olunmuş (GMO) məhsulların molekulyar diaqnostikası“ layihəsinin yekunlarına həsr olunan beynəlxalq elmi seminar təşkil olunub.

AMEA-dan APA-ya verilən məlumata görə, seminar “Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində biotəhlükəsizlik və biomüdafiə imkanlarının gücləndirilməsi” proqramı çərçivəsində Avropa İttifaqında BMT-nin Regionlararası Cinayət və Hüquq Tədqiqatları İnstitutu (UNİCRİ) və AMEA Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Layihənin rəhbəri akademik Cəlal Əliyev, icra müddəti isə 20 ay olub.

AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov bildirib ki, layihə çərçivəsində bitki aləminin təhlükəli virus xəstəliklərindən qorunması, onların seroloji və molekulyar metodlarla diaqnostikası, eləcə də GMO məhsulların öyrənilməsi istiqamətində tədqiqatlar aparılır: “Azərbaycanda bu sahədə artıq bir çox işlər görülüb və uğurlar əldə edilib. Bu işlər akademik Cəlal Əliyevin rəhbərliyi altında yerinə yetirilib və hazırda onun rəhbərlik etdiyi şöbənin nəzdində yaradılmış Molekulyar biologiya və biotexnologiya institutunda uğurla davam etdirilir”.

Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə qeyd edib ki, Azərbaycanda ilk dəfə bitkilərin virus və fitoplazma xəstəliklərinin öyrənilməsi ilə bağlı tədqiqatlara 2005-ci ildə akademik Cəlal Əliyevin rəhbərliyi altında başlanılıb və qısa müddətdə böyük nəticələr əldə olunub: “İxtisaslı kadrlar hazırlanıb, yerli və beynəlxalq qrant layihələri reallaşdırılıb”.

Beynəlxalq seminarın açılışında iştirak edən Ekologiya və Təbii Sərvətlər nazirinin müavini, AMEA-nın müxbir üzvü Novruz Quliyev bu tədqiqatların həm Botanika İnstitutu, həm də Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsi üçün yeni bir istiqamət olduğunu qeyd edib.

Açılış mərasiminin sonunda “Bitki xəstəlikləri” adlı yeni veb-saytın təqdimatı keçirilib.

Eyni zamanda, seminar iştirakçıları institutun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsində olub, şöbənin nəzdində fəaliyyət göstərən laboratoriyalar, orada olan avadanlıqlar və aparılan tədqiqatlarla tanış olublar.

Seminarın fəal iştirakçılarına sertifikarlar təqdim olunub.

Qeyd edək ki, beynəlxalq seminarda AMEA və Kənd Təsərrüfatı Nazirliyinin müxtəlif elmi-tədqiqat institutlarından, Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universitetindən olan mütəxəssislər, gənc tədqiqatçılar, doktorant və tələbələr iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR