Fidel Kastronun ABŞ-da yaşayan bacısı vəfat edib

Fidel Kastronun ABŞ-da yaşayan bacısı vəfat edib
# 05 dekabr 2023 11:08 (UTC +04:00)

Fidel və Raul Kastroların kiçik bacısı Xuanita Kastro vəfat edib.

APA xəbər verir ki, bu barədə Kastronun tərcümeyi-halının həmmüəllifi Maria Antonieta Collins "Instagram" hesabında yazıb.

“Bu gün çox sevdiyi Kuba uğrunda yorulmaz mübarizə aparan müstəsna qadın Xuanita Kastro vəfat etdi”, - o bildirib.

Xuanita Kastro 90 yaşında təbii səbəblərdən Mayamidə xəstəxanada vəfat edib.

Qeyd edək ki, Xuanita Kastro 1959-cu il Kuba inqilabından sonra qardaşları Fidel və Raulla fikir ayrılığından sonra 1964-cü ildə Kubadan qaçıb. O, Mayamiyə mühacirət edib, burada hətta Kastro hökumətini devirmək səylərində ABŞ-ın Mərkəzi Kəşfiyyat Xidməti ilə əməkdaşlıq edib, onun kod adı Donna olub.

Kastro ailəsində yeddi uşaq arasında dördüncü uşaq olan Xuanita Floridanın cənubunda aptek açaraq uzun illər orada işləyib. O, "Mənim qardaşlarım Fidel və Raul, gizli tarix" adlı xatirə kitabında yaşadığı çətinliklərdən yazıb: "Şübhəsiz ki, mən digər sürgünlərdən daha çox əziyyət çəkdim, çünki Floridada mənim həyatımın paradoksunu anlayanlar azdır. Kubada olanlar üçün mən fərariyəm, çünki mən getdim və mövcud rejimi pislədim. Mayamidə isə çoxları üçün "persona non qrata"yam, çünki Fidel və Raulun bacısıyam".

Onun böyük qardaşı Fidel 2016-cı ildə Havanada vəfat edib, hazırda 92 yaşı olan Raul Kastro isə 2021-ci ildə Kommunist Partiyasının rəhbəri vəzifəsini tərk edib.

Jurnalist Collins bildirib ki, Xuanita Kastronun istəyinə uyğun olaraq, onun dəfni qapalı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR