ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukrayna üçün silah satınalma proqramını və Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyib.
“Financial Times” qəzetinin adı açıqlanmayan avropalı rəsmilərə istinadən məlumatına görə, ABŞ nümayəndələri oktyabrın 10-u və 11-də Avropa paytaxtlarına və Kiyevə bir neçə telefon zəngi ediblər.
Nəşrin mənbələri iddia edirlər ki, Vaşinqton Ukrayna ilə kəşfiyyat məlumatlarının paylaşılmasını, eləcə də Avropa ölkələrinin vəsaiti hesabına ABŞ-dan silah alınmasını nəzərdə tutan PURL (Prioritised Ukraine Requirements List) proqramını dayandırmaqla hədələyib.
“Onlar Kiyevə zəng edirlər, Avropada hər yerə zəng edirlər”, – ABŞ Müdafiə Nazirliyinin nümayəndəsindən belə bir zəng aldığını bildirən avropalı rəsmi qəzetə açıqlamasında deyib.
“Financial Times” yazır ki, Vaşinqtonun bu məsələ ilə bağlı əlaqə saxladığı şəxslər arasında Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisinin rəhbər müavini Pavel Palisa da var.
Ağ Ev isə sözügedən telefon danışıqlarının baş tutduğunu təsdiqləməkdən və məsələni şərh etməkdən imtina edib.