Budapeştdə “Heydər Əliyev: Şəxsiyyət və zaman” trilogiyasının macar dilində iki cildinin təqdimatı olub

Budapeştdə “Heydər Əliyev: Şəxsiyyət və zaman” trilogiyasının macar dilində iki cildinin təqdimatı olub
# 03 may 2018 20:08 (UTC +04:00)

Macarıstanın paytaxtı Budapeştdə Azərbaycan Milli Məclisin deputatı Elmira Axundovanın “Heydər Əliyev: Şəxsiyyət və zaman” trilogiyasının macar dilində nəşr edilmiş iki cildinin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasim Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilib.

Tədbirdə Macarıstandan olan alimlər və ədəbiyyatçılar, xarici ölkələrin diplomatları, Azərbaycan diasporunun üzvləri, Macarıstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr və başqaları iştirak ediblər.

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev tədbiri açaraq kitabın müəllifi Elmira Axundovanı və macar dilinə tərcümənin müəllifi Tamaş Varxedini tədbir iştirakçılarına təqdim edib. Diplomatik missiyanın rəhbəri dahi siyasətçinin həyat yolu və özünün Heydər Əliyevin komandasında işlədiyi dövr barədə söhbət açıb.

Sonra trilogiyanın müəllifi Elmira Axundova qonaqların qarşısında çıxış edərək dahi siyasətçi Heydər Əliyevin həyatının ən parlaq və yaddaqalan epizodları, xüsusən ölkəmizdə hakimiyyətsizlik dövrü olan 1991-1993-cü illər barədə xatirələrini danışıb. O, ümummilli liderin xatirəsinin əbədiləşdirilməsinin davam etdirilməsi ilə əlaqədar yaradıcılıq planlarını bölüşüb, gələcək kitablarının adlarını açıqlayıb.

Tərcüməçi Tamaş Varxedi Macarıstan ictimaiyyətini regionda baş verən siyasi proseslər və görkəmli liderlər barədə məlumatlandırmağın vacibliyini vurğulayıb. O etiraf edib ki, bu əsərin macar dilinə tərcüməsi zamanı xüsusi məsuliyyət hiss edirdi, çünki bu nəşrin baş qəhrəmanı qeyri-ordinar şəxsiyyət olub. T.Varxedi əmin olduğunu bildirib ki, bu trilogiya və onun baş qəhrəmanı macar oxucularının Azərbaycanı daha yaxından tanımasına və sevməsinə, onun üzləşdiyi problemləri və çətinlikləri anlamağa, bu gözəl ölkənin və onun əməksevər xalqının gələcəyinə inanmağa kömək edəcək.

Tədbirin qonaqları - Macarıstan Elmlər Akademiyasının həqiqi üzvü Qabor Xamza, Kral Sigizmund Universitetinin rektoru, professor Peter Satmari, Macarıstanın Azərbaycanda ilk səfiri olmuş Yeno Boroş, tanınmış jurnalistlər Peter Dunai, Peter Erdeyi, Azərbaycan ədəbiyyatını orijinaldan macar dilinə tərcümə edən Mariya Keneşi, Macarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayeva və başqaları kitab haqqında təəssüratlarını bölüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR