BNA sərnişin həyatını xilas edən sürücüyə təşəkkürnamə təqdim edib

BNA sərnişin həyatını xilas edən sürücüyə təşəkkürnamə təqdim edib
# 03 fevral 2017 14:18 (UTC +04:00)

Bakı Nəqliyyat Agentliyində (BNA) yanvarın 26-da 6 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda epilepsiya keçirən sərnişinə ilk tibbi yardım göstərərək həyatını xilas edən sürücü Novruzov Oqtay Şair oğlu ilə görüş keçirilib.

BNA-dan “APA-Economics”ə verilən məlumata görə, görüşdə bildirib ki, sürücünün xidməti vəzifəsini yerinə yetirərkən göstərdiyi nümunəvi hərəkət təqdirə layiqdir. Diqqətə çatdırılıb ki, bu gün ictimai nəqliyyatda xidmət göstərən sürücülər nəqliyyat vasitəsini idarə etməklə yanaşı, eyni zamanda sərnişinlərin rahatlığı, təhlükəsizliyi üçün zəruri hesab edilən bilik və bacarıqları da bilməlidir.

Qeyd edilib ki, sürücülərin bu istiqamətdə maarifləndirilməsi və praktik təlimlərə cəlb edilməsi ilə bağlı BNA daşıyıcılar qarşısında qanunvericilikdən irəli gələn tələblər qoyub. BNA-nın Sürücü Təlim Mərkəzi istifadəyə verildikdən sonra bu sahədə nəzərdə tutulan tədbirlər daha təkmil formada həyata keçiriləcək.

Yekunda sürücü O.Novruzova BNA-nın baş direktoru Vüsal Kərimlinin adından təşəkkürnamə təqdim edilib.

O.Novruzov göstərilən diqqətə görə təşəkkürünü bildirib. Vurğulayıb ki, tibbi yardıma ehtiyacı olan sərnişinə ilk yardım göstərməklə, o, üzərinə düşən vəzifə və insani borcunu yerinə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR