SOCAR “Ümid”, “Abşeron” və “Qarabağ” qaz yataqlarının istismarına hazırlıq işləri aparır

SOCAR “Ümid”, “Abşeron” və “Qarabağ” qaz yataqlarının istismarına hazırlıq işləri aparır
# 09 may 2018 07:37 (UTC +04:00)

"Dünyanın ən böyük qaz-kondensat yataqlarından hesab olunan “Şahdəniz”in gündəlik hasilat gücü hazırda 30 milyon kubmetr qaz və 7 min ton kondensat həcmindədir".

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev "Azərbaycan" qəzetində dərc olunan "Ulu öndər Heydər Əliyevin yeni neft strategiyası Azərbaycanın davamlı inkişafının təməlini qoymuşdur" başlıqlı məqaləsində yazıb.

R. Abdullayev qeyd edib ki, dünyanın ən böyük qaz-kondensat yataqlarından hesab olunan “Şahdəniz”in gündəlik hasilat gücü hazırda 30 milyon kubmetr qaz və 7 min ton kondensat həcmindədir. Ötən il yataqdan 10,2 milyard kubmetr qaz və 2,4 milyon ton kondensat hasil edilib: “Şahdəniz-1” layihəsi üzrə qazma işləri davam edir və bu il daha 2 hasilat quyusunun tamamlanması nəzərdə tutulur. “Şahdəniz” yatağının işlənilməsinin 2-ci mərhələsi çərçivəsində hazırkı illik hasilata daha 16 milyard kubmetr qaz əlavə olunacaq. Bu həcmin ildə 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya tədarük ediləcək. “Şahdəniz-2” layihəsi üzrə mühəndis-layihə, təchizat, tikinti işlərinin, habelə istismar sınaqlarının 99%-i artıq tamamlanıb. Bu ilin əvvəlində “Şahdəniz-2” layihəsi üzrə bir quyuda qazma işləri artıq başa çatıb və il ərzində cəmi 5 hasilat quyusunun tamamlanması planlaşdırılır. “Şahdəniz-2” neft-qaz sənayemiz tarixində tikinti-quraşdırma işlərinin tam həcmdə ölkə daxilində yerinə yetirildiyi ilk layihədir. Konsorsium üzvləri bu nəhəng layihə çərçivəsində görülən işlərdə Azərbaycanın aparıcı rolunu dəfələrlə vurğulayıb. Respublikamızda hasil olunan təbii qaz həcmlərinin, ilk növbədə “Şahdəniz-2” layihəsi çərçivəsində çıxarılacaq qazın Avropa bazarlarına nəql edilməsi məqsədi ilə inşa olunan nəhəng “Cənub qaz dəhlizi”nin təşəbbüskarı və hərəkətverici qüvvəsi də Azərbaycandır. Avropanın ən iri infrastruktur layihəsi olan “Cənub qaz dəhlizi” geniş bir coğrafiyanı əhatə edir və qitənin enerji xəritəsində mühüm dəyişikliklər etməyə, enerji təhlükəsizliyinin daha da şaxələndirilməsinə hesablanıb. Prezident İlham Əliyevin onu “XXI əsrin layihəsi” adlandırması təsadüfi deyil. Mövcud Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərlərinin inşa edilməsi “Cənub qaz dəhlizi” zəncirinin halqalarıdır. 2015-ci ildə təməli qoyulan TANAP-ın tikintisi üzrə işlərin 93%-dən çoxu tamamlanıb. Hazırda bütün işlər ilkin qrafikə uyğun şəkildə, yüksək dəqiqlik və tikinti keyfiyyəti nəzərə alınaraq davam etdirilir. Əvvəlcədən planlaşdırıldığı kimi, cari ildə ilk qaz TANAP vasitəsi ilə Türkiyəyə ixrac olunacaq. 2020-ci ilin əvvəlindən TAP kəmərinə birləşdiriləcək TANAP-ın ümumi ötürücülük həcmi 16 milyarda çatdırılacaq. Sonrakı mərhələlərdə isə kəmərin ötürücülük həcmi 31 milyard kubmetrədək artırıla bilər. “Cənub qaz dəhlizi”nin boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə əlavə qaz həcmlərinin nəqli üçün ötürücülük qabiliyyətinin ikiqat artırılmasına imkan verəcək. Bu ilin fevralında “Cənub qaz dəhlizi” ilə birləşdiriləcək əlavə boru kəmərlərinin layihələndirilməsi ilə bağlı iki sənəd imzalanıb. Həmin sənədlərə əsasən, SOCAR Albaniyada ilkin mühəndislik dizayn xidmətlərini həyata keçirəcək".

R. Abdullayev nəzərə çatdırıb ki, SOCAR perspektivdə qaz hasilatının artırılması məqsədilə “Ümid”, “Abşeron”, “Qarabağ” və digər dəniz strukturlarının işlənilməsi üzrə həm xarici tərəfdaşları ilə əməkdaşlığı, həm də müstəqil çalışmalarını davam etdirir: “Ümid” yatağının işlənməsi yaxın zamanda İlkin Detallı Layihələndirmə (İDL) mərhələsinə daxil olacaq. Biz həmçinin bu yatağa bağlı olan “Babək” strukturunda da ilk kəşfiyyat quyusunun qazılması üçün layihələndirmə işləri aparırıq. “Abşeron” yatağının İlkin Hasilat Sxemi üzrə mühəndislik və layihələndirmə işləri davam etdirilir. Bu layihə üzrə Yekun İnvestisiya Qərarına hazırlıq işləri aparılır. “Abşeron”da ilk quyunun 2019-cu ildə istismara verilməsi planlaşdırılır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR