Xaçmazda daha bir avtomobil yolunun tikintisinə başlanılıb

Xaçmazda daha bir avtomobil yolunun tikintisinə başlanılıb
# 10 yanvar 2018 06:43 (UTC +04:00)

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən Xaçmaz rayonunun Çarxı-Qalağan-Hacılar-Xanlıqoba-Sayad-Məmmədxanlı avtomobil yolunun təmir-tikinti işlərinə start verilib.

Agentlikdən “APA-Economics”ə verilən məlumata görə, yenidən qurulan və 8 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun uzunluğu 29 km təşkil edir. Torpaq və çınqıl örtüklü olan yolla xüsusən payız-qış mövsümündə gediş-gəliş xeyli çətinləşirdi. Təmir-tikinti işlərindən sonra isə vətəndaşlar tam yeni və yüksək keyfiyyətli asfalt-beton örtüklü yoldan istifadə edəcəklər.

Layihəyə əsasən sözügedən yol 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. 2 hərəkət zolaqlı olan yolun ümumi eni 10 metr təşkil edəcək. Bura 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir. Hazırda tikinti işləri çərçivəsində yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılaraq yeni yol yatağı inşa olunur. Daha sonra qum-çınqıl və optimal-qırmadaş qarışığından ibarət yol əsasının inşası işləri görüləcək. Ümumilikdə yolun 170 min kvadratmetrdə çox hissəsinə ikiqat olmaqla yeni asfalt-beton örtük döşənəcək.

Bundan başqa, yol boyu zəruri olan yerlərdə yolun altından suların ötürülməsi üçün suötürücü boruları tikintisi, mövcud olanların isə təmir olunaraq bərpa edilməsi nəzərdə tutulub. Tikinti işlərindən sonra layihəyə uyğun olaraq zəruri olan yerlərdə hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

Müasir şəkildə yenidən qurulan yolun istifadəyə verilməsi ilə yol boyu yaşayan vətəndaşların gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması isə asanlaşacaq. Bununla da sözügedən ərazidə insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatının inkişafı baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR