Əli Həsənov: “Milli iradəyə qalib gəlmək mümkün deyil”

Əli Həsənov: “Milli iradəyə qalib gəlmək mümkün deyil”
# 16 iyul 2018 10:00 (UTC +04:00)

“2016-cı il 15 iyulda Türkiyədə baş verən hadisələri çox həyəcanla izlədik. O gün Azərbaycan yatmadı. Hadisələri seyr etməklə yanaşı, Türkiyə hökumətinə dəstəyimizi də göstərdik. “Tək millət, iki dövlət” formulu həmin günlərin sınağından şərəflə çıxdı. Sarsılmaz Türkiyə-Azərbaycan dostluğunu nümayiş etdirdik”.


APA-nın xəbərinə görə, bu sözləri prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyə səfirliyində 15 iyul hərbi çevriliş cəhdinin 2-ci ildönümü ilə bağlı keçirilən anım tədbirində çıxışında deyib.

Bir neçə gün əvvəl Gəncədə baş vermiş hadisələrə də toxunan Ə. Həsənov bildirib ki, Gəncədəki hadisə dövlətçiliyə əl qaldırmaq istəyən xainlər tərəfindən törədilib: “Dinc insanlar arasında olan iki polis zabiti qətlə yetirildi. O zabitlər ölkəmizin tarixinə adlarını qızıl hərflərlə həkk etdilər. Türkiyədəki hadisə ilə Gəncədəki bu hadisə oxşar bir tarixdir”.

Ə. Həsənov Türkiyədəki hadisələrin 20 yanvar hadisələri ilə oxşarlığına da diqqət çəkib: “Sadəcə, Türkiyədə bu hadisəni törədənlər Türkiyə ilə əlaqəli olanlar idi. Bakıda isə əhalini qanına qəltan edənlər erməni, erməni xislətli yad əsgərlər idi. Hər ikisi milli iradəyə qalib gəlmək istəyirdilər. Millətin üzərinə getmək olar, tanklar, hərbi təyyarələr qaldırmaq olar, amma milli iradəyə qalib gəlmək olmaz. Milli iradə ilə mili lider, milli iqtidar birlikdə olanda bu, mümkün deyil".

Ə. Həsənov onu da xatırladıb ki, 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında Azərbaycan xalqının iradəsini ifadə edən prezident Heydər Əliyevi devirmək üçün təxminən 15 iyul hadisələrinə oxşar hadisələr baş verib: “O zaman da Azərbaycan ordusunun, Daxili Qoşunlarının, polisin tərkibində yuva salmış, öz doğru yolundan sapdırılmış Azərbaycan vətəndaşları dövlətə və dövlətçiliyə silah yönəltdilər. Bəs, niyə qalib gələ bilmədilər? Çünki Heydər Əliyev o qüvvələrin qarşısına xalqın iradəsi ilə çıxdı. Heydər Əliyev çağırış etdi ki, Azərbaycan dövlətini dəstəkləyən vətəndaşlar meydanlara çıxsın. Yüz minlərlə vətəndaş öz sinəsini sipər edərək, bu silahlı, azğınlaşmış quldur dəstələrinin qarşısına çıxıb, onları tərksilah etdi. Bir sözlə, tarixdə millətin iradəsinə qalib gələn qüvvə yoxdur və yəqin ki, bundan sonra da olmayacaq. Xüsusən də bu millətin iradəsi onun dəstəklədiyi liderin simasında ifadə olunursa...”

Ə. Həsənovun sözlərinə görə, iki il əvvəl - 15 iyulda Türkiyədə xalqa silah çəkən yolunu azmış, azğınlaşmış insanlar xalqın iradəsi ilə formalaşmış hakimiyyəti devirməyə çalışırdılar və sonda məğlubiyyətə düçar oldular: “Elə 1994-1995-ci il hadisələri də xalqın iradəsini ayaqlar altına almaq, Heydər Əliyev hakimiyyətini devirmək cəhdi idi. Ulu öndərlərimizin, böyük Atatürk və böyük Heydər Əliyevin təməlini qoyduğu "tək millət, iki dövlət" formulu həmin günlərin sınağından şərəflə çıxdı və öz məğlubedilməzliyini bir daha dünyaya nümayiş etdirdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR