ABŞ Demokrat Partiyasının Senata namizədləri Donald Trampın 2024-cü il prezident seçkilərində inamlı qələbə qazandığı beş ştatda mövqelərini gücləndirirlər.
“The New York Times” və "Siena College" tədqiqat institutunun keçirdiyi sorğunun nəticələrinə görə, demokratlar ənənəvi olaraq respublikaçılara səs verən Texas və Alyaskada Senat uğrunda yarışda öndədirlər.
Qəzet yazır ki, son illərdə siyasi baxımdan sağa meyillənən Ohayoda da demokratların üstünlüyü var. Ayovada respublikaçılar cüzi üstünlüyü qoruyurlar, Kanzasda isə demokrat və respublikaçı namizədlərin göstəriciləri bərabərdir. Qeyd olunur ki, Kanzas 1932-ci ildən bəri demokrat senatoru dəstəkləməyib.
Nəşrin məlumatına görə, beş ştatın hamısında demokratlar müstəqil seçicilər arasında respublikaçılardan daha çox dəstəyə malikdirlər. Bu seçici qrupunun səsləri bir çox hallarda seçkilərin nəticəsinə təsir göstərir.