Azərbaycan nümayəndələri müəllif hüquqları ilə bağlı beynəlxalq seminarda iştirak ediblər

Azərbaycan nümayəndələri müəllif hüquqları ilə bağlı beynəlxalq seminarda iştirak ediblər
# 07 may 2018 17:31 (UTC +04:00)

İstanbul şəhərində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Müəllif Hüquqları Baş Direktorluğu və “Türk Dünyası” Vakfının birgə təşkilatçılığı ilə həyata keçirilən “Beynəlxalq müəllif hüququ və əlaqəli hüquqlar sahəsində əməkdaşlıq layihəsi”nin yekun seminarı təşkil olunub.

APA-nın xəbərinə görə, keçən ildən başlanmış bu layihə çərçivəsində Almatı (Qazaxıstan), Sarayevo (Bosniya və Herseqovina), Tbilisi (Gürcüstan) və Kiyevdə (Ukrayna) seminarlar təşkil edilib.

Türkiyədə keçirilən hazırkı tədbir iki mövzuya – “Müəllif hüququnun əhəmiyyəti və piratçılığa qarşı mübarizə sahəsində ictimai maarifləndirmə fəaliyyətləri” və “Müəllif hüququ və əlaqəli hüquqlar sahəsində əməkdaşlıq fəaliyyətləri ilə əlaqədar ölkələrin gələcək perspektivləri və təklifləri”nə həsr olunub. Ondan çox ölkənin nümayəndələrinin qatıldığı beynəlxalq seminarda ölkəmizi keçmiş Müəllif Hüquqları Agentliyinin beynəlxalq əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Gəray Dadaşov və həmin şöbənin aparıcı məsləhətçisi Elnur Məmmədli təmsil ediblər. Tədbirdə iştirakçılar tərəfindən ölkələrində müəllif hüququ və əlaqəli hüquqlar sahəsində mövcud durum, piratçılığa qarşı mübarizə tədbirləri, ictimai maarifləndirmə işinin təşkili və əməkdaşlıq perspektivləri haqqında təqdimatlar edilib, mövzular ətrafında müzakirələr keçirilib. Azərbaycan nümayəndələri tərəfindən ölkəmizin müəllif-hüquq sistemi, son illər ölkəmizdə əqli mülkiyyət sahəsində həyata keçirilən işlər, rəqəmsal informasiya texnologiyalarının və elektron ticarətin inkişafının dəstəklənməsi məqsədilə rəqəmsal şəbəkələrdə əqli mülkiyyət hüquqlarının qorunması və idarə olunmasının təşkili, əqli mülkiyyətə əsaslanan kreativ sənayenin ölkə iqtisadiyyatındakı rolu, əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması və müəlliflik hüququna hörmətin aşılanması, Azərbaycanda piratçılığa qarşı mübarizə tədbirləri və bu sahədə ictimai maarifləndirmə işinin genişləndirilməsi barəsində təqdimatlar olunub.

Seminarın gedişində Müəllif Hüquqları Agentlinin beynəlxalq əməkdaşlıq sahəsində gördüyü işlər, həmçinin Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər, o cümlədən ali təhsil müəssisələrində əqli mülkiyyət siyasətinin formalaşdırılması sahəsində milli proqramın icrası və gələcək perspektivlər haqqında ətraflı məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR