Azərbaycan nümayəndə heyəti Gənclər, Sülh və Təhlükəsizlik üzrə Qlobal Forumunda iştirak edib

Azərbaycan nümayəndə heyəti Gənclər, Sülh və Təhlükəsizlik üzrə Qlobal Forumunda iştirak edib
# 26 avqust 2015 08:51 (UTC +04:00)

Bakı-APA. İordaniya Haşəmi Krallığının paytaxtı Amman şəhərində Gənclər, Sülh və Təhlükəsizlik üzrə Qlobal Forumu keçirilib.

BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, forumun açılış mərasimində İordaniya Haşəmi Krallığının vəliəhdi Şahzadə Hüseyn ibn Abdullah, BMT Əhali Fondunun İcraçı Direktoru Babatunde Osotimehin, UNESCO-nun baş direktoru İrina Bokova, İordaniyanın baş nazirinin müavini və xarici işlər naziri Nasser Judeh, BMT baş katibinin Gənclər üzrə Elçisi cənab Əhməd Əlhəndavi və Bəhreynin xarici işlər naziri Şeyx Xalid ibn Əhməd Əl Xəlifə tədbirin iştirakçıları ilə mövzu barədə öz fikirləri ilə bölüşüb və forumun fəaliyyətinə uğurlar diləyiblər.

Qlobal Forumda Azərbaycan Gənclər və İdman Nazirliyinin gənclər şöbəsinin müdiri İndira Hacıyeva, BMT İnkişaf Proqramının Strateji Əməkdaşlıq üzrə Müşaviri Məzahir Əfəndiyev, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Aparat rəhbəri Faiq Qürbətov, BMT İnkişaf Proqramının gənclər üzrə layihəsinin assistenti Azər Abasəliyev və ATGTİ-nin Beynəlxalq Əlaqələr Departamentinin direktoru Pərvin Rəhimli ilə təmsil olunub.

2 gün ərzində “Gənclər, təhlükəsizlik və sülhün hazırkı vəziyyəti”, “Qarşıya çıxan çətinliklər və onların həlli yolları”, “İnkişafın düzgün monitorinqi və qiymətləndirilməsi” “İnnovasiya və texnologiyaların sülhə töhfələri” “Gənclərin beynəlxalq sülh üçün atdığı və ata biləcəyi addımlar” və s. kimi müxtəlif mövzuları əhatə edən müzakirələrin nəticəsi olaraq Forumun bağlanış mərasimində “Gənclər, Sülh və Təhlükəsizlik üzrə Amman Gənclər Bəyannaməsi” qəbul olunub. Bəyannamə BMT Təhlükəsizlik Şurasının payızda keçiriləcək sessiyasına İordaniya nümayəndəliyi tərəfindən təqdim ediləcək.

Qeyd olunub ki, 28-30 oktyabr 2014-cü il tarixlərdə Bakıda keçirilən Gənclər Siyasəti üzrə I Qlobal Forumundan sonra dünyada gənclər siyasəti mövzusunda nəzərə çarpan qlobal fəallıq müşahidə edilməkdədir. Məhz bu səbəbdən Azərbaycan nümayəndə heyəti tədbirdə iştirakı ilə ölkəmizin gənclər siyasəti sahəsində malik olduğu 20 illik təcrübəni digər BMT üzv ölkələri ilə bölüşmək və bir model olaraq tətbiq edilməsinə yardım etmək hazırlığını ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR