ABŞ Avropa ölkələrini müdafiə xərclərini kəskin artırmağa və transatlantik ittifaqı gücləndirməyə çağırıb.
APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Afinada Avropaya ünvanlanan proqram xarakterli çıxışı zamanı bildirib.
“Biz inanırıq ki, Avropa uzun yuxusundan oyana bilər. Qitədə artıq bunun əlamətləri görünür. Ümid edirik ki, nəsillərarası dəyişikliyin başlanğıcına – müdafiə xərclərinin kəskin artmasına, çoxsaylı yeni tərəfdaşlıq və proqramlara, sənaye istehsalının genişləndirilməsinə şahidlik edirik”, – Rubio deyib.
O bildirib ki, bu proses ötən il Haaqada götürülmüş hərbi öhdəliklərin davamı olmalıdır.
Rubionun sözlərinə görə, ABŞ və Avropa arasında zaman-zaman yaranan gərginliklərin transatlantik əlaqələri pozmasına imkan verilməməlidir.
“Birlikdə dövrümüzün təhdidlərinə qarşı dura biləcək ittifaqı gücləndirməliyik. Biz buna nail ola bilərik, çünki transatlantik dostluğun sıfır məbləğli oyun olmalı olduğunu düşünmürük”, – ABŞ dövlət katibi vurğulayıb.