ABŞ dövlət katibi Marko Rubio bildirib ki, İranın bərpasına investisiya ayrılması təhlükəsizliklə bağlı məsələlərdə əldə olunacaq irəliləyişdən asılı olacaq və bu prosesdə ABŞ hökumətinin birbaşa maliyyə vəsaiti nəzərdə tutulmur.
APA xəbər verir ki, Rubio bunu Yaxın Şərq turnesi çərçivəsində BƏƏ-nin paytaxtı Əbu-Dabiyə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.
“Bu, uzaq gələcəyin məsələsidir. İran rəhbərliyinin özünü terror ixrac edən inqilabi hərəkat kimi deyil, normal dövlət kimi aparmaq qərarı verməsi halında nələrin baş verə biləcəyinə dair müzakirələrin bir hissəsidir”, - deyə Rubio bildirib.
Onun sözlərinə görə, əgər Tehran bu seçimi etsə, qarşısında əlverişli imkanlar açılacaq.
“Mən demirəm ki, bu mütləq baş verəcək. Amma belə bir seçim edilərsə, investisiyalar da daxil olmaqla əlverişli imkanlar yarana bilər. Regionun digər ölkələrinin xarici investisiyalardan faydalandığı kimi İran da bundan yararlana bilər”, - deyə ABŞ dövlət katibi vurğulayıb.
Rubio qeyd edib ki, söhbət ABŞ hökumətinin vəsaitindən getmir.
“Bunlar bizim investisiyalarımız, hökumətimizin pulları olmayacaq. Bu, qarşıdakı günlərdə həll olunmalı olan bir sıra təhlükəsizlik məsələləri üzrə əldə ediləcək irəliləyişdən asılı olacaq”, - deyə o əlavə edib.