Pakistanın Baş naziri Şahbaz Şərif bildirib ki, ABŞ və İran arasında imzalanan qarşılıqlı anlaşma memorandumunda Tehranın raket proqramının məhdudlaşdırılması ilə bağlı heç bir müddəa yer almayıb.
APA xəbər verir ki, Şərif bu barədə İran Prezidenti Məsud Pezeşkianla İslamabadda keçirdiyi görüşdən sonra danışıb.
“Mən tam əminliklə bildirirəm ki, ABŞ və İran arasında imzalanan memorandumda ballistik raketlərdən bəhs edilmir. Bu məsələ heç vaxt müzakirə olunmayıb, gündəlikdə olmayıb və İran tərəfi də onun müzakirəsini istəməyib”, - deyə Pakistanın baş naziri bildirib.
Şahbaz Şərif regionun digər ölkələrinin belə silahlara malik olduğu halda İrandan raket proqramından imtina etməsinin tələb olunmasını da ədalətsiz adlandırıb.
“Mən açıq şəkildə demək istəyirəm ki, ballistik raketlər məsələsində ikili standartlar tətbiq edilə bilməz. Bəzi ölkələrin ballistik raketlərə malik olub, İranın bundan məhrum edilməsini tələb etmək ədalətli deyil”, - deyə o vurğulayıb.