Sərhəd gömrük orqanlarında yerləşən müvəqqəti saxlanc anbarlarında yenidənqurma işlərinə başlanılıb

Sərhəd gömrük orqanlarında yerləşən müvəqqəti saxlanc anbarlarında yenidənqurma işlərinə başlanılıb
# 30 yanvar 2018 09:46 (UTC +04:00)

Bu gün Dövlət Gömrük Komitəsində (DGK) gömrük əməkdaşlarının peşə bayramı günü münasibəti ilə bağlı 2017-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.

APA-Economics”in məlumatına görə, kollegiya iclasına DGK sədri Aydın Əliyevin gömrük xidməti orqanı əməkdaşlarının salamlaması və təbriki ilə start verilib.

Kollegiya iclasında çıxış edən DGK sədrinin müavini Səfər Mehdiyev bildirib ki, 2017-ci il üçün Dövlət Gömrük Komitəsi üzrə müəyyənləşdirilən illik büdcə proqnozu artıqlaması ilə yerinə yetirilib: “Ötən il ərzində gömrük orqanları tərəfindən nəzərdə tutulmuş 2 milyard 250 milyon manat büdcə proqnozuna qarşı, faktiki olaraq 2 milyard 608,8 milyon manat gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb, proqnoz 115,6 faiz yerinə yetirilib. Bu isə 2016-cı illə müqayisədə 317,2 milyon manat və ya 13,8 faiz çoxdur. Ötən il üzrə DGK üçün müəyyən edilən büdcə öhdəliyi hələ ilin başa çatmasına bir ay yarım qalmış yerinə yetirilib”.

Gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş qətiyyətli tədbirlərdən danışan S. Mehdiyev bildirib ki, 2017-ci il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların qanunsuz dövriyyəsi ilə əlaqədar 210 fakt aşkar olunub: “Bu faktlar üzrə ümumilikdə 2 ton 714 kq 962 qram narkotik vasitələr dövriyyədən çıxarılıb. 2017-ci il ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 232 nəfər barəsində müvafiq tədbirlər görülüb".

O bildirib ki, 2017-ci ildə gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin (VAİS) təkmilləşdirilməsi, gömrük işi sahəsində fəaliyyətin qiymətləndirilməsi, innovasiya layihələrinin tətbiqi, elektron gömrük xidmətlərinin təşkili və s. sahələrdə müvafiq işlər görülüb.

S. Mehdiyev deyib ki, müvəqqəti saxlanc anbarlarında malların yerləşdirilməsi və hərəkəti üzrə “VAİS-Anbar” altsistemi yaradılıb: “Sistemin istismara verilməsi üzrə işlər davam etdirilir. Sərhəd gömrük orqanlarında yerləşən müvəqqəti saxlanc anbarlarının quruluşunun sistemin tələblərinə uyğunlaşdırılması məqsədilə anbarlarda təmir və yenidənqurma işlərinə başlanılıb. Bu gün Azərbaycanın bütün gömrük-sərhəd buraxılış məntəqələri yenidən qurularaq ən müasir yoxlama avadanlıqları ilə təchiz edilib. Bundan əlavə, ölkənin bütün gömrük ərazilərində gömrük hüquq-mühafizə və mobil bölmələri, eləcə də “Hədəf” mərkəzi fəaliyyət göstərir. İdxal və ixrac əməliyyatlarının asanlaşdırılması üzrə atılmış digər mühüm addım sərhəd buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin daşınması məqsədilə “Yaşıl dəhliz” və digər sürətli keçid sistemlərinin tətbiqidir. Gömrük bəyannaməsinin təqdim edilməsi daxil olmaqla bir çox gömrük xidmətlərinin elektron əsasda göstərilməsi təmin edilib”.

Sonra Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Cavad Qasımov, Aksiz Gömrük Baş İdarəsinin sədri Ehtiram Xəlilov və digər idarə rəisləri çıxış edərək ötən il görülən işlər və həyata keçirilən tədbirlər barəsində məlumat veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR