"Şahdəniz"dən bu ilin sonunadək 16,6 mlrd. kubmetr qaz hasil ediləcək - PROQNOZ

"Şahdəniz"dən bu ilin sonunadək 16,6 mlrd. kubmetr qaz hasil ediləcək - PROQNOZ
# 18 dekabr 2019 17:46 (UTC +04:00)

"Proqnozlara görə, Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağında bu ilin axırına kimi 16,6 mlrd. kubmetr qaz hasil ediləcək".

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

Onun sözlərinə görə, "Şahdəniz-2" layihəsinin həyata keçirilməsi ilə bağlı yataqdan qaz hasilatı tədricən artacaq. "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində pik hasilat həcmlərinə 2022-2023-cü illərdə çatmaq mümkün olacaq.

"Hasilatın illik 16 mlrd. həcminə 2022-2023-ci illərdə çatacaq", - deyə B. Aslanbəyli qeyd edib.

Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Ötən il "Şahdəniz" üzrə fəaliyyətlərə 578 mln. dollardan çox əməliyyat xərcləri və təqribən 1,44 mlrd. dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz-2" layihəsinə aiddir. Ötən il yataqdan 11,5 mlrd. kubmetr qaz və 2,5 mln. ton (təqribən 20,5 mln. barel) kondensat hasil edilib.

Azərbaycan Energetika Naziri Pərviz Şahbazovun öncə səsləndirdiyi sözlərə görə, "Şahdəniz" yatağından qaz hasilatının 2018-ci illə müqayisədə bu il 6 mlrd. kubmetr, gələn il 8,5 mlrd. kubmetr artacağı, 2021-ci ildə isə 12 mlrd. kubmetrdən çox artaraq 23 mlrd. kubmetri ötəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR