Binəqədidə Milli Qəhrəman Fərhad Hümbətov anılıb

Binəqədidə Milli Qəhrəman Fərhad Hümbətov anılıb
# 04 aprel 2018 12:51 (UTC +04:00)

Binəqədi rayonunda Azərbaycan Respublikasının Milli Qəhrəmanı Fərhad Hümbətovun anım gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavinləri Vüsar İsmayılov, Aygün Əliyeva, RİH Başçısı Aparatının şöbə müdirləri, Milli Qəhrəman Fərhad Hümbətovun anası Salatın Hümbətova, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi Novruz Rəhimov, Milli qəhrəmanlar Mirzə Quliyev, Zabit Quliyev, İntiqam Atakişiyev, Milli Qəhrəmanları Tanıtım İctimai Birliyinin sədri Elşən Uluxanlı, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, Milli qəhrəmanın ailə üzvləri və rayon ictimaiyyəti iştirak edib.

Tədbir Azərbaycan torpaqlarının müdafiəsi uğrunda həlak olmuş şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi Novruz Rəhimov Fərhad Hümbətovun həyat yolunun gələcək nəsillər üçün örnək olduğunu söyləyib.

Milli Qəhrəman Mirzə Quliyev Milli qəhrəmanlara, onların ailələrinə ölkə başçısı tərəfindən böyük dəyər verildiyini qeyd edib. Daha sonra çıxış edən Milli Qəhrəmanları Tanıtım İctimai Birliyinin Binəqədi rayon şöbəsinin rəhbəri Fizuli Həsənov vətən anlayışının geniş mənaya malik olduğunu və bu anlamı ifadə etmək, onun haqqında danışmaq üçün bir insan ömrünın kifayət etmədiyini bildirib.

Milli Qəhrəman Fərhad Hümbətovun anası Salatın Hümbətova şəhid anası olmağın böyük bir qürur olduğunu bildirib. Qüdrətli Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad edəcəyinə inandığını bildirən şəhid anası həmin günün elə də uzaq olmadığını qeyd edib.

Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov aprel ayının Azərbaycan tarixinə qələbə ayı kimi daxil edildiyini bildirib. Vüsar İsmayılov Azərbaycan ordusunun igidliyi, rəşadəti sayəsində düşmən ordusunun məğlubiyyət acısını daddığını, şanlı qələbənin çox yaxında olduğunu deyib.

Rəsmi hissəsi bitdikdən sonra tədbir bədii hissə ilə davam etdirilib, tədbir iştirakçıları Milli qəhrəman Fərhad Hümbətovun abidəsi önünə gül dəstələri qoyublar.

Tədbirdən sonra ehsan süfrəsi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR